Milli Məclisin deputatı Ümumdünya Demokratiya Forumunda iştirak edəcək
Strasburq, 22 iyun, AZƏRTAC
Son illərdə Avropa Şurasının xətti ilə Ümumdünya Demokratiya Forumunun keçirilməsi ənənəvi hala çevrilib. Bu mötəbər beynəlxalq tədbirə adətən yalnız Avropanın deyil, dünyanın əksər ölkələrinin tanınmış dövlət adamları, siyasətçilər, ictimai xadimlər qatılırlar. Əsas mövzusu təhsil olacaq növbəti Demokratiya Forumu 2016-cı il noyabrın 7-dən 9-dək Strasburqda keçiriləcək.
Forumda demokratik cəmiyyət quruculuğunda təhsilin rolu, təhsil sistemlərinin demokratik tərəqqiyə təsiri, innovativ təşəbbüs və təcrübələrin uyğunlaşdırılması və digər məsələlər ətrafında müzakirələr aparılacaq. Demokratiya Forumunda iştirak etmək üçün Avropa Şurası Parlament Assambleyası deputatlardan ibarət ayrıca komitə yaratmağı qət edib. AŞPA-nın yay sessiyasında həmin xüsusi komitənin formalaşdırılması məqsədilə deputatlar müəyyənləşdirilib. Mədəniyyət, elm, təhsil və media komitəsi Forumda fəal iş aparması nəzərdə tutulan həmin quruma Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun namizədliyini təsdiq edib. Azərbaycanlı deputatın bu tərkibə daxil edilməsi təsadüfi deyil. R.Hüseynov indiyədək mədəniyyət, elm, təhsil və media komitəsinin xətti ilə qitənin təhsil həyatına dair 3 mükəmməl məruzə hazırlayıb. “Avropada qaçqınların təhsil problemi”, “Avropa ali təhsil məkanının vahidliyi və beynəlxalq aləmə açıqlığı”, “Avropada jurnalistlərin peşəkar təhsili və təlimi” adlı həmin məruzələrin təklif etdiyi bir sıra ideyalar qarşıdakı Demokratiya Forumunun da başlıca müzakirə mövzularından olacaq.
Səhla Ağalarov
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq