MİLLİ MƏCLİSİN NÜMAYƏNDƏ HEYƏTİ TÜRKİYƏYƏ YOLA DÜŞMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti fevralın 8-də Türkiyəyə rəsmi səfərə yola düşmüşdür. Parlamentin sədri Heydər Əliyev adına beynəlxalq hava limanında jurnalistlərə demişdir ki, Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir və qarşılıqlı səfərlər artıq ənənəyə çevrilmişdir. Bu cür səfərlər ölkələrimiz arasında əlaqələrin daha da yüksək səviyyəyə çatmasında mühüm rol oynayır. Səfər çərçivəsində Prezident Əhməd Necdət Sezər, Böyük Millət Məclisinin sədri Bülənd Arınç, Baş nazir Rəcəb Tayyib Ərdoğan, Baş nazirin müavini və xarici işlər naziri Abdullah Gül, parlamentin Xarici işlər komissiyasının sədri Mehmet Dülgər, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Haluk İpək və başqa rəsmi şəxslərlə nəzərdə tutulmuş görüşlərdə iki qardaş ölkə arasında münasibətlərin inkişaf perspektivləri, parlamentlərarası əlaqələr və digər aktual məsələlər müzakirə olunacaqdır.