MİLLİ MƏCLİSİN NÜMAYƏNDƏ HEYƏTİNİN TÜRKİYƏ SƏFƏRİ
Nümayəndə heyətinin tərkibinə deputatlardan Nizami Cəfərov, Məlahət Həsənova, Fərrux Zeynalov, Qənirə Paşayeva, Rövşən Rzayev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Aparatın Beynəlxalq münasibətlər şöbəsinin müdiri Rəşid İbrahimov və digər şəxslər daxildirlər.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, səfər müddətində Milli Məclisin sədri Oqtay Əsədovun Türkiyə Cümhuriyyətinin Prezidenti Əhməd Necdət Sezər, Böyük Millət Məclisinin sədri Bülənd Arınç, Baş nazir Rəcəb Tayyib Ərdoğan, Baş nazirin müavini və xarici işlər naziri Abdullah Gül, parlamentin Xarici işlər komissiyasının sədri Mehmet Dülgər, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Haluk İpək və başqa rəsmi şəxslərlə görüşləri nəzərdə tutulmuşdur. Görüşlər zamanı iki qardaş ölkə arasında münasibətlərin inkişaf perspektivləri, parlamentlərarası əlaqələr, qarşılıqlı səfərlərin daha da intensivləşdirilməsi və digər aktual məsələlər müzakirə olunacaqdır.
Səfər çərçivəsində nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkün məqbərəsini - Anıt qəbiri ziyarət edəcək, ölkənin tarixi yerləri ilə də tanış olacaqdır.