Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin payız sessiyasının ilk iclası keçirilib

Bakı, 30 sentyabr, AZƏRTAC

Sentyabrın 30-da Milli Məclisin 2020-ci ilin payız sessiyasının açılışı olub.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin Sədri Sahibə Qafarova sessiyanı açıq elan etdi və dövlət himni səsləndirildi.

Əvvəlcə Spiker payız sessiyasının başlanması münasibətilə deputatları təbrik etdi və parlamentin qarşıdakı fəaliyyətinin səmərəli olmasını arzuladı.

Sonra Sahibə Qafarova Ermənistanın Azərbaycana təcavüzü nəticəsində cəbhə bölgəsində gərginləşən vəziyyətdən söz açdı. O qeyd etdi ki, bu gün Azərbaycanın zəfər salnaməsinə yeni tarixi səhifələr yazılır. Erməni silahlı qüvvələrinin hərbi təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusunun həyata keçirdiyi geniş miqyaslı əks-hücum əməliyyatı davam edir. Sentyabrın 27-dən bəri Azərbaycanın işğal altında olan bir sıra yaşayış məntəqələri azad edilmiş, strateji yüksəkliklər ordumuzun nəzarəti altına keçmişdir. Düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulmuşdur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi, “Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! ...Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Onun həlli bizim tarixi vəzifəmizdir. Biz bunu elə şəkildə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin və Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun”.

Sonra Sədr düşmən təxribatı barəsində səhih məlumatların dünya ictimaiyyətinə çatdırılması, erməni faşizminin iç üzünü və çirkin mahiyyətini ifşa etmək üçün parlament diplomatiyasının imkanlarından geniş istifadə edildiyini vurğuladı. Milli Məclisin Sədri kimi son günlərdə 88 ölkənin parlamentinə və 11 beynəlxalq təşkilata 138 məktub göndərildiyini, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, Pakistan İslam Respublikası Senatının Sədri Məhəmməd Sadiq Sancrani, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri Nurlan Niqmatulin, ATƏT-in Parlament Assambleyasının Sədri Georgi Tsereteli ilə şəxsən telefonla danışdığını, Türkiyənin TRT-Xəbər televiziya kanalına canlı yayımda müsahibə verdiyini açıqladı. Bütün bu məktub və danışıqlarda, müsahibələrdə erməni silahlı qüvvələri tərəfindən törədilən planlı təxribatın, mülki insanların və obyektlərin atəşə tutulmasının beynəlxalq hüquqa zidd, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiqi olduğunu bildirdiyini diqqətə çatdırdı.

Parlamentin Sədri çıxışında qeyd etdi ki, Türkiyə Böyük Millət Məclisində təmsil olunan 4 siyasi partiya birgə bəyanat verərək, Ermənistanın Azərbaycana qarşı hərbi hücumlarını pisləyib. Bununla əlaqədar olaraq Mustafa Şentopa, həmçinin İtaliya və Almaniya parlamentlərində fəaliyyət göstərən Azərbaycanla dostluq qruplarının üzvlərinə xalqımızın haqq işini dəstəklədiklərinə görə məktub göndərilib və Azərbaycan parlamenti adından minnətdarlıq ifadə olunub.

Sahibə Qafarova çıxışının sonunda bildirdi ki, bu gün bütün Azərbaycan xalqı öz dövlətinin yanındadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bərqərar olmuş səriştəli və məsuliyyətli idarəçilik sistemi, iqtidarla xalq arasında mövcud olan sarsılmaz birlik Dağlıq Qarabağ məsələsinin birdəfəlik həllini təmin edəcək.

Sonra Spiker 6-cı çağırış Milli Məclisin ilk sessiyalarının yekunlarına dair hesabatı təqdim etdi. Qeyd olundu ki, ötən dövrdə parlament öz fəaliyyətini Prezident İlham Əliyevin martın 10-da parlamentin birinci iclasında proqram xarakterli nitqində verdiyi tövsiyələrin yerinə yetirilməsi istiqamətində qurmuş və önəmli nəticələr əldə etmişdir. 2020-ci ilin yaz və növbədənkənar sessiyalarında parlamentin 23 iclası keçirilmiş, 164 qanun və qərar, o cümlədən 2 Konstitusiya Qanunu qəbul edilmişdir. Milli Məclis ölkənin ictimai-siyasi və iqtisadi həyatında baş verən bütün mühüm məsələlərə öz münasibətini bildirmişdir.

Sahibə Qafarova onu da vurğuladı ki, sessiyalararası dövrdə - iyulun 7-də Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevin iştirakı ilə Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri ilə “Azərbaycanda yeni siyasi konfiqurasiya: pandemiya dövrü və yeni çağırışlar” mövzusuna həsr edilən videokonfrans formatında görüş keçirilib. O, siyasi dialoq, milli dövlətçilik məsələləri ətrafında əməkdaşlıq mühitinin möhkəmlənməsi, Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulması baxımından görüşün əhəmiyyətini vurğuladı.

Sonra Sahibə Qafarova çıxışında vurğuladı ki, bu yaxınlarda Milli Cəbhə Partiyası və Respublikaçı Alternativ Partiyası dövlət qeydiyyatına alınmış və bununla da Milli Məclisdə təmsil olunan siyasi partiyaların sayı 11-ə çatmışdır. O, bu münasibətlə həmin partiyaların təmsilçiləri olan millət vəkilləri - Razi Nurullayevi və Erkin Qədirlini təbrik etdi, onlara parlament fəaliyyətlərində uğurlar dilədi.

Sahibə Qafarova iclasda yay ayları ərzində Milli Məclisin cari fəaliyyətinin ardıcıl olaraq davam etdirildiyini dilə gətirdi və görülən işlərdən söz açdı. Qeyd olundu ki, ötən dövrdə Milli Məclisin Aparatı və İşlər İdarəsi haqqında Əsasnamə hazırlanaraq təsdiq edilmişdir. Milli Məclisin İntizam komissiyası haqqında hazırlanan Əsasnamə bu yaxınlarda parlamentin müzakirəsinə çıxarılacaqdır. İnzibati binada olan iclas salonlarına “İstiqlal”, “Qarabağ”, “Odlar yurdu”, “Xəzər” kimi milli adlar verilmişdir ki, bu da xalqımızın və dövlətimizin tarixi-mədəni irsinin yaşadılmasına və nəsildən-nəslə ötürülməsinə kiçik töhfə olacaq.

Sahibə Qafarova onu da diqqətə çatdırdı ki, son günlər cəbhədə yaranmış vəziyyətlə əlaqədar olaraq sentyabrın 27-də təcili olaraq Milli Məclisin iclası keçirilib, “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı təsdiq edilib.

Parlamentin Sədri daha sonra elektron parlament quruculuğu çərçivəsində görülən işlərdən danışdı, Milli Məclisin arxivində saxlanan bütün sənədlərin elektron formata keçirildiyini, televiziya və fotoarxivlərin rəqəmsal sistemə salındığını bildirdi. Sədr bildirdi ki, Milli Məclisin fəaliyyətini izləyən jurnalistlər üçün bütün lazımi avadanlıqla təmin olunmuş otaqlar ayrılıb. Yeni fotostudiya yaradılıb, brifinqlərin keçirilməsi və millət vəkillərinin müsahibələrinin verilməsi üçün müasir standartlara uyğun otaq hazırlanıb. Milli Məclisin fəaliyyətinin işıqlandırılması üçün İctimai televiziyada həftədə bir dəfə efirə gedəcək, 45 dəqiqəlik veriliş formatı müəyyənləşdirilib.

Sonra Sahibə Qafarova parlament Aparatında və İşlər İdarəsində aşkara çıxarılan çatışmazlıqların aradan qaldırılmasından və tətbiq edilən yeniliklərdən də geniş söhbət açdı.

Parlamentin Sədri sentyabr ayı ərzində qardaş Türkiyəyə və Rusiya Federasiyasına etdiyi rəsmi səfərlərdən danışdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, TBMM-in sədri Mustafa Şentop, ticarət naziri xanım Ruhsar Pekcan, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Xarici İşlər naziri Sergey Lavrov və digər rəsmi şəxslərlə keçirilən görüşlərdən aldığı təəssüratları deputatlarla bölüşdü.

Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı. Sahibə Qafarova bildirdi ki, gündəliyə 22 məsələ daxil edilib.

Əvvəlcə Milli Məclisin 2020-ci ilin payız sessiyası üçün qanunvericilik işləri planı müzakirə edildi. Milli Məclisin komitə sədrləri Musa Quliyev, Zahid Oruc, deputatlardan Qüdrət Həsənquliyev və Cavid Osmanov işlər planı ilə bağlı təkliflərini bildirdilər. 14 bənddən ibarət sənəd səsə qoyularaq məqbul hesab edildi.

Gündəliyin ikinci məsələsi olan - deputat Eldar Quliyevin Milli Məclisin Hesablayıcı komissiyasının üzvü seçilməsi haqqında qərar layihəsi də səsvermə yolu ilə təsdiqləndi.

Sahibə Qafarovanın təqdimatından sonra “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin Qərarında dəyişiklik edilməsi barədə qərar layihəsi də səsə qoyularaq qəbul edildi.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqlarının qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim etdi. Gömrük orqanları arasında yeni çağırışları özündə ehtiva edən, əqli mülkiyyət obyektlərində əməkdaşlığın inkişafına xidmət edən sənəd səsə qoyularaq qəbul edildi.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikasının Kuba Respublikasında (Havana şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” sənədi şərh etdi. Komitə sədri Azərbaycanı hər zaman özünə dost hesab edən bir ölkədə - Kubada səfirliyin açılmasının məntiqli bir qərar olduğunu diqqətə çatdırdı və koronavirus pandemiyası dövründə Kuba həkimlərinin ölkəmizə təmənnasız dost yardımını əsirgəmədiklərini dilə gətirdi. Millət vəkilləri Sabir Rüstəmxanlı və Fəzail Ağamalının fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq təsdiqləndi.

Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı Əmək Məcəlləsində, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənədləri təqdim edərkən qanun layihəsinin ölkə Prezidentinin "Sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 30 dekabr 2019-cu il tarixli Fərmanına uyğunlaşdırıldığını bildirdi. Qeyd edildi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu dörd qurum - Dövlət Məşğulluq Agentliyi, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyi yaradılmış və nizamnamələri təsdiq edilmişdir. Yeni publik hüquqi şəxslərin yaradılması həmin qurumların fəaliyyətində inzibati idarəçilikdən əhaliyə xidmət modelinə keçidi, onların daha çox ictimai əhəmiyyətli və vətəndaşların sosial məsələlərinin praktik müstəvidə operativ həllinə yönəlik funksiyalarının genişlənməsini təmin edəcəkdir. Qeyd olundu ki, sözügedən sənədlər bu fərmanlara uyğun olaraq hazırlanıb və qanunlarda "müvafiq icra hakimiyyəti orqanı" sözlərinin "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz olunması təklif olunur. Bu da onunla bağlıdır ki, qeyd olunan qanunlarda nəzərdə tutulan səlahiyyətləri publik hüquqi şəxs həyata keçirəcəkdir. "Dövlət qulluğu haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən isə "dövlət orqanı" anlayışından onun Dövlət Sosial Müdafiə və İşsizlikdən sığorta fondlarının büdcəsindən maliyyələşdirilməsi müddəası çıxarılır. Sənəd səsə qoyularaq təsdiq edildi.

İclasda Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə təklif olunan dəyişiklikləri təqdim etdi. Komitə sədri qeyd etdi ki, sənəd “Publik hüquqi şəxslər haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2019-cu il 12 iyul tarixli qanunun icrası ilə əlaqədar hazırlanıb. Sözügedən qanunun 4-cü maddəsinə uyğun olaraq publik hüquqi şəxs, dövlət adından, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən yaradılır. Publik hüquqi şəxs “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunla müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusunu əldə edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxsin dövlət qeydiyyatı onun idarəetmə orqanlarının üzvləri tam tərkibdə təyin edilmədiyi halda da həyata keçirilir. Buna əsaslanaraq “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunun 5.4 və 8.1-ci maddələri həmin müddəalara uyğunlaşdırılır. “Peşə təhsili haqqında” qanunun 16.2-ci maddəsi isə “Təhsil haqqında” qanunun 32.2-ci maddəsinə uyğunlaşdırılır. Sənəd səsə qoyularaq təsdiqləndi.

Sonra iclasda Əli Hüseynlinin təqdimatında “Azərbaycan Dəmir Yollarının 140 illiyi (1880-2020)” və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 10 illiyi (2012-2022)” yubiley medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri birinci oxunuşda şərh edildi. Komitə sədrləri Siyavuş Novruzov, Qənirə Paşayeva, deputatlardan Fazil Mustafa, Etibar Əliyev, Sahib Alıyev, Aqil Abbas sənədlərlə bağlı fikirlərini bildirdilər. Əli Hüseynli bu medalların təsis olunması ilə bağlı deputatları maraqlandıran suallara aydınlıq gətirdikdən sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq təsdiqləndi.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda parlamentin müzakirəsinə təqdim etdi. Millət vəkili bildirdi ki, Azərbaycan Prezidenti 28 dekabr 2018-ci ildə tikinti obyektlərinə tikintiyə icazə və obyektin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. Tikintiyə dövlət nəzarəti prosedurlarında nəzərdə tutulan sadələşdirmələrlə əlaqədar müvafiq qanunların təkmilləşdirilməsi ilə əlaqədar təkliflərin hazırlanması barədə Nazirlər Kabinetinə tapşırıq verilib. Təqdim edilən qanun layihəsi həmin təkmilləşdirilməyə dair təklifləri nəzərdə tutur. Parlamentin komitə sədri Siyavuş Novruzov, deputatlardan Məlahət İbrahimqızı, Asim Mollazadə, Tahir Kərimli ölkəmizdə tikinti sahəsində mövcud çatışmazlıqlardan danışdılar. Əli Hüseynli millət vəkillərini maraqlandıran suallara tikinti sahəsinin qanunvericilik mexanizmləri baxımından aydınlıq gətirdi. Sənəd səsə qoyularaq təsdiqləndi.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə birinci oxunuşda “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə məlumat verdi. Qeyd olundu ki, qanun layihəsinə təklif olunan dəyişikliklər minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğinin hər il üçün təsdiq olunması mexanizmindən imtina olunmasını və rüsumların daimi olaraq müəyyən edilməsini nəzərdə tutur. Həmin dövlət rüsumları minik avtomobilləri hərracda özgəninkiləşdirildiyi hallara da şamil edilməsini, yaxın qohumlara bağışlanması hallarına görə rüsumun istisna olunmasını və bu hala görə daha az dövlət rüsumunun (10 manat) müəyyən edilməsini ehtiva edir. Sənəd səsə qoyularaq təsdiqləndi.

Milli Məclisin Sədri Sahibə Qafarova qeyd etdi ki, gündəliyə daxil edilən növbəti 4 məsələ - Vergi Məcəlləsində, “Təhsil haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə sənədlər ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olub. Bu sənədlər "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2018-ci il 10 dekabr tarixli Fərmanına uyğunlaşdırma xarakteri daşıyır.

Əvvəlcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşda təqdim etdi. Bildirildi ki, qanun layihəsi daimi qulluq tələb edən sağlamlıq imkanları məhdud uşağa və ya birinci dərəcə əlilliyi olan şəxsə baxan, onunla birlikdə yaşayan valideynin, arvadın (ərin), himayəçinin və ya qəyyumun gəlirlərinin gəlir vergisindən azad olunan hissəsinin artırılaraq 200 manat məbləğində müəyyən edilməsini, güzəşt tətbiq olunan kateqoriyaya sağlamlıq imkanları məhdud uşaqları övladlığa götürən şəxslərin də aid edilməsini nəzərdə tutur. Qanun layihəsi səsvermə yolu ilə təsdiqləndi.

Sonra Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev birinci oxunuşda “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə məlumat verdi. Bildirildi ki, qanun layihəsi valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılması məqsədi daşıyır. Təklif olunan qanuna əsasən övladlığa götürülmüş uşaqların dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində və elmi təşkilatın magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin hesabına ödənilməsi nəzərdə tutulur. Qeyd edildi ki, bu hal xüsusilə az və orta təminatlı ailələr tərəfindən valideyn himayəsindən məhrum olan uşaqların övladlığa götürülməsi prosesini asanlaşdıracaq. Həmin uşaqların ali və orta ixtisas təhsili müəssisələrində və AMEA-nın magistratura səviyyəsində təhsil haqqı dövlət hesabına ödənildiyi üçün övladlığa götürüldükdən sonra da bu imtiyazdan istifadə edə bilmələri dövlət büdcəsi üçün əlavə maliyyə yükü yaratmayacaqdır.

Fasilədən sonra davam edən iclasda Parlamentin Sədri Sahibə Qafarova məlumat verdi ki, səhər iclasında deputat Eldar Quliyev Milli Məclisin Hesablayıcı komissiyasının üzvü seçilmişdi. Fasilə müddətində komissiya üzvləri iclas keçirərək, Eldar Quliyevi Milli Məclisin Hesablayıcı Komissiyasının sədri seçmişlər. Spiker bu münasibətlə Eldar Quliyevi təbrik etdi, ona yeni işində uğurlar arzuladı.

Sonra “Təhsil haqqında” qanuna dəyişikliklər edilməsi barədə sənədin müzakirəsi davam etdirildi. Komitə sədrləri Siyavuş Novruzov, Qənirə Paşayeva, deputatlardan Qüdrət Həsənquliyev, Musa Qasımlı, Fəzail Ağamalı, Arzu Nağıyev, Ceyhun Məmmədov qanun layihəsi ilə bağlı fikirlərini açıqladılar. Sənəd səsə qoyularaq təsdiqləndi.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) sənədi şərh edərkən vurğuladı ki, bu qanun layihəsi də valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılması məqsədi daşıyır. Təklif olunan qanun layihəsinə əsasən övladlığa götürülmüş uşaqların dövlət, bələdiyyə və özəl ali və orta ixtisas təhsili müəssisələrində və ali məktəblərin magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət hesabına ödənilməsi nəzərdə tutulur. Musa Quliyev də sənədlə bağlı çıxış edərək qanun layihəsinin onun rəhbərlik etdiyi komitədə də müzakirə edildiyini, sənədin qəbulunun valideyn himayəsindən məhrum olmuş uşaqların həyatında olduqca humanist bir addım olacağını vurğuladı. Qanun layihəsi səsə qoyularaq təsdiqləndi.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Sosial müavinətlər haqqında” qanuna təklif edilən dəyişiklikləri birinci oxunuşda təqdim etdi. Komitə sədri bildirdi ki, bu sənəd də əvvəlkilər kimi "Övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanına uyğun olaraq, valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsini stimullaşdırmaq və uşaqları övladlığa götürən ailələri dəstəkləmək məqsədilə hazırlanıb. Bu məqsədlə yeni bir sosial müavinət növü - övladlığa götürülən uşağa görə müavinət müəyyən edilir, onun təyin edilmə şərtləri və qaydaları, bununla bağlı digər məsələlər tənzimlənir. Bildirildi ki, müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaşarası uşağı, o cümlədən 0-18 yaşarası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə övladlığa götürülən hər bir uşağa görə (uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında) təyin ediləcəkdir və bu müavinətin ödənilməsi uşağın 18 yaşı tamam olanadək davam edəcəkdir. Müavinət uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında uşağı övladlığa götürən şəxsə və ya onlardan birinə təyin edilir. Komitə sədri Qənirə Paşayeva, deputatlardan Fəzail Ağamalı, Vüqar Bayramov, Bəhruz Məhərrəmov valideyn himayəsindən məhrum olmuş uşaqların hər zaman dövlətimiz tərəfindən diqqət mərkəzində olduğunu dilə gətirdilər, layihənin əhəmiyyətini açıqladılar. Sənəd səsə qoyularaq təsdiqləndi.

Əmək və sosial siyasət komitəsinin üzvü Rauf Əliyev Əmək, Cinayət və İnzibati Xətalar Məcəllələrinə, “Uşaq hüquqları haqqında” qanuna təklif edilən dəyişiklikləri birinci oxunuşda təqdim edərkən bildirdi ki, layihə “Gənclər siyasəti haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinə uyğunlaşdırma xarakteri daşıyır. Sənəd 18 yaşına çatmamış şəxslərin mənəvi-əxlaqi tərbiyəsinin və sağlam gəncliyin formalaşması istiqamətində kompleks tədbirlər keçirilməsini, uşaqlara tütün məmulatları və alkoqollu içkilərlə bərabər energetik içkilərin satışının, onların idman-mərc oyunlarında iştirakının qadağan edilməsi sahəsində məhdudiyyətləri ehtiva edir. Layihə səsvermə yolu ilə təsdiq edildi.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov Mülki Prosessual, Cinayət, Miqrasiya və İnzibati Xətalar Məcəllələrə, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlara (birinci oxunuş) təklif edilən dəyişikliklərin “Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə” 30 noyabr 2018-ci il tarixli qanun layihəsinə uyğunlaşdırma məqsədi ilə hazırlandığını bildirdi. Deputat bildirdi ki, layihə Vergi Məcəlləsinə yeni "məcburi nişanlanma ilə nişanlanmalı olan mallar" anlayışının daxil edilməsi ilə bağlıdır. Məcburi nişanlama malların uçotdan yayındırılmasının, saxta məhsulların bazara daxil olmasının qarşısının alınması məqsədilə onlara xüsusi kodun və digər qoruyucu elementlərin vurulmasıdır. Bu anlayışın artıq qanunvericiliyə daxil edilməsi ilə əlaqədar olaraq Cinayət Məcəlləsinin iqtisadi fəaliyyət sahəsində olan cinayətlər fəslində və İnzibati Xətalar Məcəlləsinin Gömrük qaydaları əleyhinə olan inzibati xətalar fəslində müvafiq cinayət tərkibini və inzibati xətanı nəzərdə tutan maddələrin həm adına, həm də dispozisiyasına uyğunlaşdırma məqsədilə dəyişikliklər təklif edilir. Vergi Məcəlləsinə yeni 1.4-cü maddənin əlavə edilməsi və bununla da verginin hüquqi rejiminin həm də məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunması ilə əlaqədardır. Dəyişikliyə görə bu haqların toplanması mərkəzləşdirilərək İqtisadiyyat Nazirliyinin Vergi xidmətin həvalə olunmuşdur. Nizami Səfərov Mülki Prosessual Məcəllənin müvafiq maddəsində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərin dairəsi müəyyən edilib. Qeyd edilən məcəllələrə müvafiq maddələrin yeni redaksiyada verilməsində məqsəd həm uyğunlaşdırma, həm də sosial sığorta, tibbi sığorta və işsizlikdən sığorta sahəsində nəzarətin gücləndirilməsi və bu yığımların daha effektiv toplanmasına nail olmaqdır. Deputat Hikmət Məmmədovun sənədlə bağlı fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq qəbul edildi.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini birinci oxunuşa təqdim etdi. Bildirildi ki, təklif olunan dəyişikliklər məcburi nişanlama malların uçotdan yayındırılmasının, saxta məhsulların bazara daxil olmasının qarşısının alınması məqsədilə onlara məcburi nişanlama kodunun və digər qoruyucu elementlərin vurulmasıdır. Məcburi nişanlanma ilə bu cür malların idxalı, istehsalı, satışı və dövriyyəsinə vergi nəzarətinin həyata keçirilməsi təmin olunur. Məcəlləyə digər texniki xarakterli bir neçə dəyişikliyin də daxil edildiyi vurğulandı. Qanun layihəsi təsdiq edildi.

Sonra Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim etdi. Qeyd olundu ki, sənədlər “Təhsil haqqında” qanuna dəyişiklik edilməsi barədə 12 iyun 2018-ci il tarixli və “Ümumi təhsil haqqında” 29 mart 2019-cu il tarixli qanunlara uyğunlaşdırma məqsədi ilə hazırlanmışdır. Ümumi təhsil, peşə təhsili, məktəbəqədər təhsil, sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili ilə bağlı normaları, qanunlarda edilən termin və ifadə dəyişikliklərini nəzərdə tutur. Deputat söylədi ki, Əmək Məcəlləsinə təklif olunan dəyişiklik yuxarıda göstərilən qanunlara uyğun olaraq, pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olmayan şəxslərlə əmək müqavilələrinin bağlanmasına yol verilməməsi, bağlanmış müqavilələrə isə xitam verilməsi üçün mexanizmləri, o cümlədən bu sahədə işəgötürənlərin məsuliyyətini və bu hala görə əmək müqaviləsinə xitam verilməsi əsaslarını müəyyən edir. Sənədlə əlaqədar Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev də fikirlərini bölüşdü. Komitə sədri qeyd etdi ki, təhsillə bilavasitə bağlı olan bu 5 qanuna ümumilikdə, 89 dəyişiklik təklif edilib. Bəxtiyar Əliyev hazırda ölkədə 65482 nəfər sağlamlıq imkanı məhdud uşaq olduğundan, onların təhsili və gələcəyi ilə bağlı Heydər Əliyev Fondunun əsaslı layihələr həyata keçirdiyindən söz açdı. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.

İclasda Nizami Səfərov İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə birinci oxunuşda məlumat verdi. Vurğulandı ki, “Ümumi təhsil haqqında” qanunun icrası ilə əlaqədar hazırlanan sənədə əsasən pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslərlə əmək müqaviləsi bağlanılmasına görə vəzifəli şəxslər 3 000 manat məbləğində cərimə ediləcəklər. Sənəd qəbul edildi.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Publik hüquqi şəxslər haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədlə əlaqədar məlumatında qeyd etdi ki, təklif olunan dəyişikliyə əsasən publik hüquqi şəxsin təsisçisi onun strukturu və işçilərin say həddi ilə yanaşı, əmək haqqı fondunun həcmini də təsdiq edəcəkdir. Əmək haqqı fondunun təsisçi tərəfindən təsdiq edilməsi şəffaflığın və dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin artmasına imkan yaradacaqdır. Publik hüquqi şəxsin struktur bölmələri, ştat cədvəlləri və xərclər smetası əməyin ödənişi fondu daxilində müəyyən ediləcəkdir. Sənəd səsə qoyularaq təsdiqləndi.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsini birinci oxunuşda təqdim etdi. Komitə sədri bildirdi ki, dünyada insan orqan və toxumalarının donorluğu və transplantasiyası təbabətin yeni sahəsi olsa da sürətlə inkişaf edir. Əhliman Əmiraslanov qeyd etdi ki, artıq orqan nəqlinin insanların ömrünü xeyli uzatdığı elmə məlumdur. O, bu sahədəki dünya təcrübəsindən söhbət açaraq bildirdi ki, Azərbaycanda artıq böyrək, qaraciyər, diz oynaqları köçürülməsi əməliyyatları uğurla yerinə yetirilir. Ölkəmizdə qanunvericilik baxımından meyit donordan istifadə sahəsində müəyyən boşluq olduğundan, ancaq canlı donordan istifadə olunur ki, bu da əlavə risk yaradır. Komitə sədri yeni hazırlanan qanun layihəsində bu sahədəki mühüm məqamların diqqətlə araşdırıldığını və nəzərə alındığını vurğuladı. Bildirildi ki, layihə bütün aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə ictimai müzakirədən keçirilib və rəylər alınıb. Sənəd orqan transplantasiyasının hüquqi əsaslarını, donorların, resipiyentlərin, transplantasiya sahəsində fəaliyyət göstərən tibb müəssisələrinin, tibb işçilərinin hüquq və vəzifələrini müəyyən edir, buradan irəli gələn münasibətləri tənzimləyir. 5 fəsil, 35 maddədən ibarət sənəddə qanunun tətbiq dairəsi, donorluğun və transplantasiyanın əsas prinsipləri, qayda və şərtləri, bu sahəyə yardımın təşkili, transplantasiya işini həyata keçirən mütəxəssislərin hüquq və vəzifələri, resipiyentlərin uçotu, donorluq işinin koordinasiyası, donor orqanlarının resipiyentlər arasında bölüşdürülməsi kimi məsələlər ətraflı ehtiva olunub. Komitə sədrləri Siyavuş Novruzov, Qənirə Paşayeva, Musa Quliyev, deputatlardan Qüdrət Həsənquliyev, Sahib Alıyev, Elnur Allahverdiyev, Nigar Arpadarai, İlham Məmmədov qanun layihəsi ilə bağlı rəy və təkliflərini səsləndirdilər. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

Bununla da Milli Məclis bugünkü işini başa çatdırdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili