MİLLİ MƏCLİSİN SƏDRİ MURTUZ ƏLƏSGƏROV TERRİ DEVİSİ QƏBUL ETMİŞDİR
Parlamentin sədri demişdir ki, Azərbaycan Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə müvafiq olaraq bir sıra beynəlxalq konvensiya və xartiyalara qoşulmuşdur, milli qanunvericiliyimizi Avropa standartlarına uyğunlaşdırırıq. İnsan hüquq və azadlıqlarının qorunması və demokratiyanın inkişafı istiqamətində mühüm addımlar atılır. Prezident İlham Əliyevin imzaladığı əfv Fərmanı buna əyani sübutdur.
Lakin təəssüflə qeyd etməliyəm ki, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu günə qədər öz həllini tapmaması ciddi problemlər yaradır. Ermənistan Avropa Şurası qarşısında götürdüyü öhdəliyə uyğun olaraq münaqişənin sülh yolu ilə həllinə maraq göstərmir. BMT Təhlükəsizlik Şurası, Avropa Şurası və digər beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını təsdiq ediblər. ATƏT Parlament Assambleyasının bu günlərdə keçirilən toplantısında qurumun sədrinin Dağlıq Qarabağ üzrə məruzəçisi Qoran Lenmarker Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını rəsmən elan etmişdir. Bu isə onu göstərir ki, ATƏT-in Parlament Assambleyası da məsələni müzakirəyə çıxarmaq niyyətindədir.
Ermənistan Azərbaycana qarşı müxtəlif illərdə çoxlu terror aktı həyata keçirmişdir. Təkcə son 10 ildə azərbaycanlılar 32 dəfə ermənilər tərəfindən terrora məruz qalıblar ki, bunun da nəticəsində minlərlə insan həlak olmuşdur. Bunların ən dəhşətlisi əsrin faciəsi olan Xocalı soyqırımıdır ki, bu gün həmin hadisənin 12-ci ildönümüdür. Bütün bunlara baxmayaraq, Azərbaycan münaqişənin sülh yolu ilə, dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında həll etmək istəyir. Amma ermənilər məsələyə işğalçılıq prinsipindən yanaşırlar. Ermənilər indiki ərazilərə 150 il bundan qabaq gəliblər. Onlar Azərbaycan torpaqlarında özlərinə dövlət qurublar. Yəni rus imperiyasının dəstəyi ilə 1918-ci ildə Azərbaycanın İrəvan xanlığında İndiki Ermənistanı yaradıblar. Bunu rəsmi sənədlər də sübut edir və mən bu sənədləri sizə təqdim edəcəyəm. Azərbaycan bir daha öz torpaqlarını heç kimə verməyəcək. Ümid edirəm ki, siz həmin sənədlərlə tanış olacaqsınız və hazırlayacağınız məruzədə bu məsələni də nəzərə alacaqsınız.
Belə bir ağır gündə vaxt tapıb onu qəbul etdiyi və ətraflı məlumat verdiyi üçün Terri Devis Murtuz Ələsgərova minnətdarlığını bildirərək, Azərbaycanın öhdəliklərlə bağlı gördüyü işləri müsbət qiymətləndirdi. O qeyd etdi ki, səfərdən əldə etdiyi məlumatlar ona dolğun məruzə hazırlamaqda kömək edəcəkdir.
Terri Devis hazırlayacağı məruzənin obyektiv olacağına söz verdi.
Sonda Murtuz Ələsgərov ermənilərin azərbaycanlılara qarşı törətdikləri terror aksiyalarını, Azərbaycana köçmələrinin 150 illiyi münasibətilə 1978-ci ildə ucaltdıqları abidəni, 10 il sonra isə həmin abidəni necə dağıtmalarını əks etdirən sənədləri Terri Devisə təqdim etmişdir.