MİLLİ MƏCLİSİN YAZ SESSİYASI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Parlamentin sədri Murtuz Ələsgərov iclası açıq elan etdikdən sonra Azərbaycanın dövlət himni səsləndi.
Deputatlar bu yaxınlarda vəfat etmiş həmkarları Şamil Qurbanovun xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sonra Murtuz Ələsgərov payız sessiyasının yekunları barədə hesabatla çıxış edərək dedi: Milli Məclis payız sessiyasında ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi strateji istiqamət üzrə ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatların, demokratikləşmə prosesinin hüquqi bazasını daha da möhkəmləndirmiş və təkmilləşdirmişdir. Ötən sessiyada 94 qanun və qərar qəbul edilmiş, bir neçə qanun layihəsi birinci və ikinci oxunuşda müzakirə olunmuşdur. Həmin müddət ərzində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi sahəsində də mühüm işlər görülmüşdür. Parlamentin nümayəndə heyətləri üzv olduğumuz beynəlxalq təşkilatların tədbirlərində yaxından iştirak etmişlər. Avropa Şurası Parlament Assambleyasının 2004-cü il qış sessiyası ölkəmiz üçün uğurlu keçmişdir. Qurumun qəbul etdiyi sənədlərə Ermənistanın Dağlıq Qarabağı və digər əraziləri işğal etməsi ifadəsi bir daha daxil edilmiş, Azərbaycanla bağlı qətnamədə isə nümayəndə heyətimizin təkidi ilə Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğal olunması və bu münaqişənin Azərbaycanla Ermənistan arasında olması faktı öz təsdiqini tapmışdır.
1994-cü ildən ümummilli liderimiz Hydər Əliyevin təşəbbüsü ilə Azərbaycan hökuməti və parlamenti erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətləri bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırmaq, bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq üçün inadlı və ardıcıl fəaliyyət göstərir.
Parlament sədrinin çıxışından sonra Xocalı soyqırımı qurbanlarının və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Milli Məclisin yaz sessiyasının iş planına “Azərbaycan Respublikasının dövlət bayrağı haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat haqqında”, “Təhsil haqqında”, “İxraca nəzarət haqqında”, “Fərdi kəndli təsərrüfatı haqqında”, “Elm və dövlət elmi-texniki siyasəti haqqında”, “İnzibati icraat haqqında”, “Dövlət qulluqçularının pensiya təminatı haqqında” və sair qanun layihələri daxil edilmişdir.
Sonra deputatlar iş planını geniş müzakirə edib təsdiqlədilər.