Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında Azərbaycanın idman infrastrukturu barədə məlumat veriləcək
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) oktyabrın 26-da Vaşinqtonda işə başlayan 20-ci Baş Assambleyasında iştirak etmək üçün ABŞ-da səfərdədir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ANOC-un prezidenti Şeyx Əhməd Əl Fahad Əl-Sabahın və ABŞ Olimpiya Komitəsinin prezidenti Lorens Probstun dəvəti ilə reallaşan səfər çərçivəsində nazir Beynəlxalq Olimpiya Komitəsinin, beynəlxalq federasiyaların, Milli Olimpiya komitələrinin və Olimpiya hərəkatı ilə sıx əməkdaşlıq edən qurumların rəhbərləri ilə görüşlər keçirəcək. Həmin görüşlərdə tarixdə ilk dəfə keçirilən “Bakı-2015” birinci Avropa Oyunları, bu mühüm yarışın dünya idman tarixində yeri, ölkəmizdə yaradılmış mükəmməl idman infrastrukturu, yüksək səviyyəli təşkilati işlər, ölkəmizin gələcəkdə daha mötəbər tədbirlərə ev sahibliyi etməsi və s. mövzular diqqət mərkəzində olacaq.
ANOC prezidenti Şeyx Əhməd Əl Fahad Əl-Sabah ilə görüşdə Azad Rəhimov 2017-ci ildə Azərbaycanda keçiriləcək IV İslam Həmrəylik Oyunlarına hazırlıq prosesi barədə məlumat verəcək, bu istiqamətdə görülməli olan işləri müzakirə edəcək.
Oktyabrın 30-dək davam edəcək Assambleyada peşəkar idmançıların təlimi, ətraf mühitin qorunmasında Olimpiya hərəkatının rolu, idman və sosial inkişaf, Olimpiya həmrəyliyi və bir sıra mövzularla bağlı çıxışlar ətrafında fikir mübadiləsi aparılacaq.