MİLLİ ORDUNUN 4 HƏRBİ QULLUQÇUSU AVTOMOBİL QƏZASINDA HƏLAK OLMUŞDUR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 6-da Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi yaxınlığında xidməti vəzifələrini yerinə yetirərkən polkovnik-leytenant Həmidov Namiq Əziz oğlu (25 dekabr 1963-cü ildə anadan olub, Bakı şəhəri Xətai Rayon Hərbi Komissarlığı tərəfindən 1981-ci ildə hərbi xidmətə çağırılıb), mayor Axundov Namiq Nurəddin oğlu (30 iyul 1956-cı ildə anadan olub, Bakı şəhəri Yasamal Rayon Hərbi Komissarlığı tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılıb), leytenant Abdullayev Mehman Tahir oğlu (6 iyun 1982-ci ildə anadan olub, Bərdə Rayon Hərbi Komissarlığı tərəfindən 2000-ci ildə hərbi xidmətə çağırılıb) və əsgər Məmmədov Elvin Elbrus oğlu (1987-ci ildə anadan olub, Göyçay Rayon Hərbi Komissarlığı tərəfindən 2005-ci ilin iyul ayında hərbi xidmətə çağırılıb) avtomobil qəzasına düşərək həlak olmuşlar.
Baş vermiş hadisə ilə bağlı cinayət işi açılmışdır və istintaq aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuların valideynlərinə və doğmalarına dərin hüznlə başsağlığı verir, onlara Allahdan səbir diləyir.