Milli Qurtuluş Günü münasibətilə Ukraynada rəsmi qəbul təşkil olunub
Kiyev, 15 iyun, AZƏRTAC
İyunun 14-də Azərbaycanın Ukraynadakı səfirliyi Milli Qurtuluş Günü münasibətilə rəsmi qəbul təşkil edib.
Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyevin adını daşıyan parkda Azərbaycan xalqının Ümummilli Liderinin abidəsi önünə gül dəstəsi qoyublar.
Sonra tədbir diplomatik missiyamızın “Heydər Əliyev” salonunda davam etdirilib.
Azərbaycan və Ukraynanın dövlət himnləri səsləndirildikdən sonra çıxış edən respublikamızın bu ölkədəki müvəqqəti işlər vəkili Nazim Əliyev ulu öndər Heydər Əliyevin Azərbaycanın müasir tarixindəki əvəzolunmaz xidmətlərindən danışıb. O qeyd edib ki, Heydər Əliyev siyasətçi kimi Ukrayna üçün də çox işlər görüb. Dahi rəhbər Çernobıl faciəsi nəticələrinin minimuma endirilməsi və fəlakət qurbanları üçün mənzil tikintisinə əlavə vəsait ayrılmasında böyük rol oynayıb.
Türkiyənin Ukraynadakı səfiri Yönet Can Tezel, Azərbaycan Milli Məclisinin deputatı Rahim Axundov, hüquq elmləri doktoru, professor, Ukraynanın Əməkdar Təhsil İşçisi Arif Quliyev, “Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu” Ümumukrayna İctimai Birliyinin sədri Hikmət Cavadov, Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi rəhbərliyinin təmsilçisi Əbülfəz Qasımov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin İdarə Heyətinin üzvü Aysel Nağıyeva və digərlərinin çıxışlarında görkəmli dövlət xadimi və siyasətçi Heydər Əliyevin ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsindəki rolundan danışılıb.
Sonra ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin həyat və fəaliyyəti haqqında kitablar, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair akademik Ramiz Mehdiyevin yazdığı həqiqəti əks etdirən əsərlərlə tanışlıq olub. Bu kitablar səfirliyimizin sifarişi ilə Ukrayna dilinə tərcümə edilib.
Rəsmi qəbulda, həmçinin səfirliyimizin əməkdaşları, Kiyevdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun fəalları, Ukrayna ictimaiyyətinin nümayəndələri, yerli, Azərbaycan və Türkiyə KİV-lərinin təmsilçiləri iştirak edib.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev