Mina insidentləri qurbanlarına daha səmərəli yardım göstərilir
Bakı, 21 iyun, AZƏRTAC
İyunun 20-21-də Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları üçün “Mina insidentləri qurbanlarına daha effektiv yardımın göstərilməsi istiqamətində fokuslanmış Beynəlxalq Mina Təmizləmə Standartlarına (IMAS) giriş” mövzusunda seminar keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Qızıl Aypara Cəmiyyətinin (AzQAC), Ombudsman Aparatının və Mina Təmizləmə Agentliyinin (ANAMA) nümayəndələri qeyd edilən mövzularda təqdimatlar ediblər.
Məqsəd Ombudsman Aparatının əməkdaşlarının mina fəaliyyətləri və mina qurbanlarına dəstək mövzusunda biliklərinin daha da artırılması, həmçinin mina və digər partlayıcı sursatlardan zərər çəkmiş şəxslərə dəstəyin göstərilməsi istiqamətində müzakirələrin aparılması olub.
BQXK-nın Azərbaycan nümayəndəliyinin Əməliyyatlar üzrə rəhbəri dedi İqnasio Kasares Qarsia deyib ki, məqsədimiz mina insidentlərinin mümkün qədər az baş verməsi və mina qurbanlarına ən yaxşı dəstəyin göstərilməsidir. Bu məqsədlə başqa regionlarda topladığımız təcrübəmizi və ən yaxşı beynəlxalq standartları Ombudsman Aparatı və Agentliklə bölüşürük.
İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva bildirib ki, hər kəsin yaşamaq, azadlıq, sərbəst hərəkət etmək, mülkiyyət, sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması kimi fundamental hüquqları var. Minalar isə bunun üçün ən böyük təhdidlərdəndir.
ANAMA-dan təqdim edilən məlumata əsasən, son 30 il ərzində Azərbaycanda 3350 insan mina qurbanı olub. 2020-ci ilin sentyabrından etibarən 300-dən çox şəxs mina insidentlərindən zərər çəkib, onlardan 50 nəfəri həyatını itirib, təqribən 250 nəfər isə xəsarət alıb.
BQXK silahlarla çirklənmənin əhali üzərindəki təsirlərini azaltmaq üçün multidissiplinar yanaşma əsasında fəaliyyətlər həyata keçirir. BQXK-nın AzQAC-la birgə həyata keçirdiyi Silahlarla Çirklənmiş Ərazilərlə bağlı Proqram çərçivəsində faciəvi insidentlərin qarşısını almaq məqsədilə münaqişənin təsirinə məruz qalmış ərazilərdə yaşayan insanlar arasında mina və partlayıcı qurğular haqqında maarifləndirmə sessiyalarından, mina qurbanlarına yardıma qədər müxtəlif fəaliyyətlər yerinə yetirilir. Bu il BQXK və AzQAC-ın birlikdə reallaşdırdığı risklər və təhlükəsiz davranış barəsində maarifləndirmə sessiyalarında 4 mindən çox şəxs mina və müharibənin partlayıcı qalıqlarının yaratdığı təhlükələr haqqında məlumatlandırılıb. Eyni zamanda, biz, ANAMA və digər aidiyyəti yerli qurumlarla sıx əməkdaşlığımızı davam etdirərək ehtiyac olan hallarda yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması üçün dəstək göstəririk.