Mingəçevir Dövlət Universitetində iki yeni elmi-tədqiqat institutu yaradılır
Bakı, 29 iyul, AZƏRTAC
“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”na uyğun olaraq, Mingəçevir Dövlət Universitetində (MDU) elmi potensialın gücləndirilməsi və innovativ tədqiqatların təşviqi məqsədilə iki yeni institut – Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutu, həmçinin Tədqiqat və İnkişaf İnstitutu yaradılır.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutunun əsas hədəfi regionda süni intellekt texnologiyalarının inkişaf etdirilməsi, rəqəmsallaşma proseslərinin elmi əsaslandırılması və bu sahədə tədqiqatların aparılmasıdır. Burada ağıllı sistemlərdən tutmuş iqtisadiyyatın müxtəlif sahələrində tətbiq imkanlarına qədər genişmiqyaslı araşdırmalar həyata keçiriləcək.
MDU-nun yeni elmi istiqamətində fəaliyyət göstərəcək Tədqiqat və İnkişaf İnstitutu regionun potensialına uyğun olaraq enerji və su ehtiyatlarının idarə olunması, su və istilik elektrik stansiyalarının tədqiqi, eləcə də dayanıqlı enerji və su mühəndisliyi sahələrində elmi-tədqiqat işlərinin aparılması üçün yaradılır. İnstitut, həmçinin bu sahələrdə ixtisaslaşmış tədqiqatçıların yetişdirilməsini qarşısına məqsəd qoyub.
Tədqiqat və İnkişaf İnstitutunun yaradılması ilə bağlı layihə Ramil Həsənovun rəhbərliyi ilə həyata keçiriləcək. O, “Detal Holdinq” və “Azəralüminium” MMC kimi sənaye müəssisələrində çalışıb, Azərbaycanda və İspaniyanın Xaen Universitetində təhsil alıb. R.Həsənov, həmçinin Avropada və Asiyada “Picualia”, “A3 Grupo de Comunicación”, Almaniyanın “Achenbach”, Çinin “Chinalco” və “CNPT” şirkətlərində elmi təcrübə keçmiş tədqiqatçıdır.
Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutunun qurulması üzrə layihə MDU-nun İnformasiya texnologiyaları kafedrasının müdiri dosent Aidə Mustafayeva tapşırılıb. O, Türkiyənin nüfuzlu Orta Doğu Texniki Universitetində elmi-tədqiqat təcrübəsi keçmiş, süni intellekt sahəsində akademik fəaliyyətlə məşğul olan tanınmış mütəxəssislərdəndir.
Hər iki layihə rəhbərlərinin elmi fəaliyyəti nəticəsində “Scopus” və “Web of Science” bazalarında ümumilikdə (əksəri Q1 və Q2 kvartildə olmaqla) indekslənmiş 28 elmi məqalə dərc edilib.
Yeni institutların yaradılması MDU-da elmi fəaliyyətin daha da intensivləşdirilməsi, beynəlxalq səviyyədə tanınan tədqiqatların təşviqi və Azərbaycanda elmin rəqəmsallaşması istiqamətində mühüm addım olacaq.