REGİONLAR
Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib
Mingəçevir, 19 iyun, Rauf Hacıyev, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz imtahan sessiyası çərçivəsində tələbələrin və magistrantların iştirakı ilə növbəti “Açıq qapı” günü keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Açıq qapı” günü MDU-nun rektoru Şahin Bayramovun iştirakı ilə “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunub.
MDU-nun ilk onlayn imtahan sessiyasının gedişatı barədə məlumat verən Ş.Bayramov ilk səkkiz gün ərzində tələbələrin imtahanlarda aktiv iştirak etdiyini və faktiki olaraq bütün tələbələrin yalnız müvəffəq qiymət aldıqlarını diqqətə çatdırıb. Rektor MDU-nun magistratura səviyyəsinə növbəti qəbulun təşkili və abituriyentlər arasında universitetin təbliği istiqamətində görülən işlər haqqında məlumat verib.
Görüşdə çıxış edən tələbələr məsafədən təşkil olunan imtahanlardan, qiymətləndirmədə tətbiq olunan güzəştlərdən və “İmtahan könüllüsü” layihəsində iştirak üçün yaradılmış imkanlardan məmnunluqlarını bildiriblər. 2019/2020-ci tədris ilinin yaz semestrində “Erasmus+” proqramı çərçivəsində İspaniyanın Valladolid Universitetində təhsil alan MDU tələbəsi Aidə Qurbanova da virtual görüşə qoşulub və fikirlərini bölüşüb.
Rektor görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.