Mingəçevir su anbarına daxil olan suyun həcmi 40 faizdən çox azalıb
Bakı, 10 mart, AZƏRTAC
Son beş ildə Mingəçevir su anbarına daxil olan suyun həcmi 40 faizdən çox azalıb. Əgər 2018-ci ildə daxil olan suyun həcmi 823 milyon kubmetr idisə, ötən il həmin göstərici 455 milyon kubmetrə bərabər olub. Götürülən suyun miqdarı isə ya sabit, ya da artan tempdədir. Baxmayaraq ki, son on ildə Mingəçevir su anbarından Kür çayına buraxılan suyun miqdarını saniyədə 50 kubmetrə qədər artırmışıq, təəssüf ki, yenə də suyun çatışmazlığı ilə bağlı problemlər var.
AZƏRTAC xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov "Ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət" mövzusunda keçirilən brifinqdə deyib.
Nazir müavininin sözlərinə görə, son üç ildir ki, ölkə üzrə su balansı hazırlanır: “Su balansının məqsədi ölkədə olan formalaşan və xaricdən gələn su ehtiyatlarının qiymətləndiirlməsi, əldə olunan məlumatlar əsasında düzgün bölgüsünün aparılmasıdır. Son 7-8 il ölkə ərazisində quraqlıq illəri kimi müşayiət olunur. Bu, həm düşən yağıntıların miqdarının az olması, həm də transsərhəd çaylarla ötürülən su miqdarının azalması ilə bağlıdır”.