Mingəçevirdə keçmiş məcburi köçkünlər hüquqi sahədə maarifləndirilib
Bakı, 8 iyul, AZƏRTAC
Mingəçevir şəhərində keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yaşayış kompleksində hüquqi maarifləndirmə və ödənişsiz hüquqi yardım aksiyası təşkil olunub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vəkillər Kollegiyası ilə birgə “Yurdumuza Qayıdırıq” devizi ilə keçirdiyi tədbirin məqsədi keçmiş məcburi köçkünlərin hüquqi biliklərini artırmaq və onların işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı hüquqi prosedurlar barədə məlumatlandırılması olub.
Komitənin Hüquq və kadrlar şöbəsinin müdir müavini Mirhüseyn Hüseynov çıxış edərək keçmiş məcburi köçkünlərin reinteqrasiya və yenidənqurma proseslərində fəal iştirakının təşviqində hüquqi maarifləndirmə tədbirlərinin vacib rolu barədə danışıb. O, dövlət tərəfindən məcburi köçkünlərin hüquqlarının müdafiəsi istiqamətində görülən tədbirlər barədə də məlumat verib.
Tədbir zamanı 100-ə yaxın şəxsin əmlak hüquqları, sosial müdafiə, güzəşt və kompensasiya mexanizmləri ilə bağlı müraciətləri yerində cavablandırılıb.
Hüquqi yardım aksiyasında iştirak edən vəkil Şəlalə Tağıyeva diqqətə çatdırıb ki, bu təşəbbüs çərçivəsində vəkillər tam könüllü şəkildə fəaliyyət göstərir. O, həmçinin vurğulayıb ki, hüquqi yardım aksiyaları təkcə keçmiş məcburi köçkünlər deyil, şəhid ailələri, qazilər və digər həssas sosial qruplar üçün də mütəmadi olaraq həyata keçirilir.