Mingəçevirdə Sənaye Parkı və Yüksək Texnologiyalar Parkı yaradılacaq
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Sərəncam və Fərman ilə Mingəçevirdə Sənaye Parkı və Yüksək Texnologiyalar Parkı yaradılacaq.
Mingəçevir Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir: “Ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Mingəçevir şəhərində Mingəçevir Sənaye Parkı yaradılsın. Müəyyən edilsin ki, Mingəçevir Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir”.
Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında
deyilir: “İqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasını təmin etmək məqsədi ilə qərara alıram: “Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli 736 nömrəli Fərmanının 4-cü hissəsi ilə yaradılmış Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı — “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra - Cəmiyyət) Mingəçevir şəhərində istifadəsində olan 1,3 hektar torpaq sahəsində Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılsın. Müəyyən edilsin ki, Mingəçevir Yüksək Texnologiyalar Parkı innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir”.