Misirdə 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Qahirə, 21 yanvar (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, Qahirədə 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir. Tədbirdə Misirin kütləvi informasiya vasitələrinin nümayəndələri, Qahirə, Ayn-Şəms, Mənsuriyyə və Əl-Əzhar universitetlərinin müəllim və tələbələri, yerli qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin nümayəndələri, Misirdə yaşayan və təhsil alan Azərbaycan icmasının üzvləri iştirak etmişlər.
Tədbirdə ölkəmizin Misirdəki səfiri Ş.Abdullayev Azərbaycan xalqının sovet rejiminə qarşı milli azadlıq mübarizəsi və Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumat vermiş, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə kommunist rejimini xilas etmək və Azərbaycan xalqının mübarizə əzmini qırmaq üçün sovet ordu birləşmələrinin Bakı şəhərinə soxulduğunu, mülki əhaliyə qarşı ağır texnika və odlu silahlardan istifadə edərək, dinc nümayişçiləri qətlə yetirdiyini, ağır yaraladığını diqqətə çatdırmışdır.
Səfir Qanlı Yanvar faciəsindən dərhal sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək, sovet rejiminin qanlı siyasətinə kəskin etiraz etdiyini və bu faciə ilə əlaqədar Kremlin yürütdüyü informasiya blokadası siyasətini sındırdığını və xalqı öz ətrafında birləşdirdiyini qeyd etmişdir.
SSRİ-nin dağılmasından sonra Azərbaycanın müstəqilliyi və bu yolda üzləşdiyi çətinliklər, xüsusilə Ermənistanın Azərbaycana qarşı təcavüzü barəsində danışan səfir müstəqillik illərində Azərbaycanın əldə etdiyi nailiyyətləri və Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün ölkəmizin sürətli və dinamik inkişafı haqqında məlumat vermişdir.
Çıxış edən jurnalist Məhəmməd Sələmə sovet rejiminin tətbiq etdiyi informasiya blokadasına baxmayaraq, 1990-cı il yanvarın 28-də Misirin “Əl-Siyəsi” qəzetinin 751-ci sayında “Qorbaçovun Azərbaycandakı hərbi avantürasının arxasında nə durur?” sərlövhəli məqalə ilə çıxış etdiyini xatırlatmış və o zaman Misirdəki SSRİ səfirliyinin bu məqaləyə etiraz etdiyini diqqətə çatdırmışdır. Bu faciənin “Əl-Əhram” və digər Misir qəzetlərində də işıqlandırıldığını qeyd edən jurnalist hətta Misir parlamentində də 20 Yanvar hadisələrinin müzakirə obyekti olduğunu və ölkənin Parlament deputatlarının SSRİ-nin bu siyasətinə etiraz etdiklərini demişdir. M.Sələmə hazırda araşdırmalarını davam etdirdiyini, Misir və ərəb dünyası mətbuatında Qanlı Yanvar faciəsi ilə bağlı dərc olunmuş məqalələri topladığını və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə külliyyat formasında yaxın vaxtlarda çap etdirəcəyini bildirmişdir.
Tədbir iştirakçılarına 20 Yanvar faciəsinə aparan yol və Bakıda törədilmiş qırğının nəticələri haqqında film nümayiş etdirilmiş, səfirliyin press-relizi paylanmışdır.
Mərasim haqqında Misirin bir neçə dövlət televiziya kanalı tərəfindən çəkilişlər aparılmış və 20 Yanvar faciəsi barədə televiziya kanallarına və mətbuata müsahibələr verilmişdir.
Yaxın günlərdə verilişlərin efirə getməsi və məqalələrin çap edilməsi nəzərdə tutulur.