Misirdə prezident seçkilərinin sonuncu günündə vətəndaşların yüksək fəallığı müşahidə olunub
Qahirə, 28 mart, AZƏRTAC
Misirin Milli Seçki Komissiyası prezident seçkilərinin daha bir gün müddətinə uzadılacağı xəbərini təkzib edib.
AZƏRTAC xəbər verir ki, komissiyanın rəsmi nümayəndəsi Mahmud əl Şərif keçirdiyi mətbuat konfransında bu xəbərlərin həqiqətə uyğun olmadığını deyib. Onun sözlərinə görə, prezident seçkiləri ilə bağlı yalan informasiya yayanlar Misir qanunvericiliyinin tələblərinə uyğun olaraq məsuliyyət daşıyacaqlar.
Mahmud əl Şərif onu da bildirib ki, prezident seçkilərinin üçüncü günündə səsvermə normal məcrada davam edib və bütün məntəqələr vaxtında açılıb. Milli Seçki Komissiyasına hər hansı ciddi şikayət, yaxud müraciət daxil olmayıb. Məntəqələrdə qeyri-hökumət təşkilatlarına, beynəlxalq və yerli müşahidəçilərə, KİV nümayəndələrinə seçkilərin gedişini maneəsiz izləmək üçün hər cür şərait yaradılıb. “Vətəndaşlar seçkilərin üçüncü günü ölkə ərazisində səsvermədə fəal iştirak ediblər, ən yüksək fəallıq isə Qahirə, Giza, İskəndəriyyə, Əl Şərkiyyə və Sinay yarımadasının şimalında müşahidə olunub”, - deyə Mahmud əl Şərif qeyd edib.
Milli Seçki Komissiyasının rəsmi nümayəndəsi Misirdə prezident seçkilərində səsvermədə iştirak etməyən şəxslərə 500 Misir funtuna qədər (təqribən 30 ABŞ dolları) məbləğdə cərimə tətbiq olunduğu xəbərini təsdiqləyib. Onun sözlərinə görə, ölkə qanunvericiliyinə əsasən üzrsüz səbəbdən seçkilərdə iştirak etməyən şəxslər cərimə oluna bilərlər. Bu, təkcə prezident seçkilərinə deyil, digər seçkilərə də şamil olunur. Bu tədbir vətəndaşları seçkilərdə iştirakın vacibliyi barədə xəbərdar etmək üçün tətbiq olunur, çünki seçkilərdə iştirak etmək və fəal vətəndaş mövqeyi ölkədəki demokratik prosesin mühüm göstəricisidir.
Milli Seçki Komissiyasının rəsmisi sonda bildirib ki, məntəqələr bağlandıqdan sonra yerli qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələrinin, KİV-lərin və prezidentliyə iki namizədin təmsilçilərinin iştirakı ilə səslərin sayılması prosesi başlayacaq. Rəsmi nəticələr aprelin 2-də elan olunacaq. Prezidentliyə namizədlər seçkilərin nəticələri elan edildiyi andan 48 saat müddətində ölkə qanunvericiliyinə uyğun olaraq pozuntularla bağlı şikayət verə bilərlər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə