Misirin "Əl-Təhrir" qəzetində Mədəniyyətlərarası Dialoq Forumu barədə məqalə dərc edilib
Qahirə, 4 uyun, AZƏRTAC
Bakıda keçirilmiş III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Misirin “Əl-Masr Əl-Yaum” qəzetinin müşaviri May Azzamın “Əl-Təhrir” qəzetində məqaləsi dərc edilib.
Forumun əhəmiyyətindən danışan M.Azzam tədbirin xalqlar arasında körpü rolunu oynadığını, dini və vətəndaş qarşıdurması yaratmaq istəyənlərin qarşısında sədd olduğunu bildirib, lakin bu sahədə təkcə dialoqun deyil, eyni zamanda, güclü bir sistemin işə salınmasının vacibliyini vurğulayıb.
Prezident İlham Əliyevin ölkənin parlaq gələcəyi üçün göstərdiyi səyləri xüsusi qeyd edən müəllif Azərbaycanın Asiya ilə Avropa arasında yerləşdiyini, həmçinin İslam dünyasının bir hissəsi olaraq, mədəniyyətlərarası dialoqda körpü rolunu oynadığını bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan M.Azzam BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunan torpaqlardan qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin həyata keçirilmədiyini, Azərbaycanın münaqişə ilə bağlı sülh danışıqlarına üstünlük verdiyini bildirib.
M.Azzam III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı zamanı Azərbaycanın bir sıra görkəmli ziyalıları ilə görüşdüyünü qeyd edib.
Dünyada ikili standartların hökm sürdüyünü yazan müəllif Azərbaycana münasibətdə bunun özünü açıq-aydın göstərdiyini vurğulayıb. O, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin bir ölkəyə münasibətdə yerinə yetirildiyini, digərinə gəldikdə isə həyata keçirilmədiyini bildirib. M.Azzam Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş qətnamələrin yerinə yetirilməməsini ikili standartın bariz nümunəsi adlandırıb.
Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: http://www.tahrirnews.com/news/details.php?ID=433764
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə