Misirin “Əl-Əhram” qəzeti III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan yazır
Qahirə, 19 may, AZƏRTAC
Misirin “Əl-Əhram” qəzetində Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məqalə dərc edilib.
Forumda iştirak edən qəzetin baş redaktorunun müavini Məhəmməd Osmanın müəllifi olduğu məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirin rəsmi açılışında söylədiyi nitqdən fikirlərə geniş yer verilib.
M.Osman builki Forumda tanınmış ictimai-siyasi xadimlərin, rəsmi şəxslərin, elm adamlarının mədəniyyətlərarası dialoqun bütün sahələrdə inkişaf meyilləri, dünyada müasir qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar, mədəni və sosial transformasiyalar fonunda bəşəri dəyərlərin qorunması kimi mövzularda səmərəli müzakirələr apardıqlarını bildirib. Forum çərçivəsində mədəni hüquqlar, ekstremizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun qurulmasında rolu və əməkdaşlığı üzrə plenar sessiyalar, təhsilin, gənclərin, incəsənətin, turizmin mədəniyyətlərin yaxınlaşmasında və dialoqda roluna həsr edilən müxtəlif işçi sessiyalar keçirildiyi diqqətə çatdırılıb.
M.Osman məqalədə Prezident İlham Əliyevin fikirlərinə istinad edərək Azərbaycanın sivilizasiyaların, mədəniyyətlərin qovuşuğunda yerləşdiyini qeyd edib, bu coğrafi mövqeyin Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynadığını, əsrlər boyu bütün mədəniyyətlərin, dinlərin və etnik qrupların nümayəndələrinin Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşadıqlarını diqqətə çatdırıb. Bu müsbət meyillərin Azərbaycanın müstəqillik illərində daha da gücləndiyi bildirilib. Azərbaycanın tarixi abidələrinə nəzər saldıqda ölkənin mədəni müxtəlifliyinin aydın göründüyü diqqətə çatdırılıb.
Məqalədə UNESCO-nun baş direktoru İrina Bokovanın və İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəninin fikirlərinə də yer verilib.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə