Misirli jurnalistin “Qarabağ Qafqazda sülhün yoludur” adlı kitabı çap olunub
Orta Asiya və Qafqaz məsələləri üzrə mütəxəssis, tanınmış misirli jurnalist və tədqiqatçı Əhməd Tarabekin Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə “Qarabağ Qafqazda sülhün yoludur” adlı kitabı işıq üzü görüb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 456 səhifədən, üç fəsildən ibarət kitab ərəb və İslam dünyasında Qarabağ mövzusunda ərəb dilində yazılmış azsaylı əsərlərdən biri olaraq böyük əhəmiyyət daşıyır.
Birinci fəsil Dağlıq Qarabağın coğrafiyası, tarixi, mədəniyyəti, təbii sərvətləri, iqtisadiyyatı, əsrlər boyu keçdiyi tarixi mərhələlər, o cümlədən ərəb-İslam xilafəti dövründəki tarixindən bəhs edilir. Eyni zamanda, bu fəsildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranmasının tarixi, xüsusilə də ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin münaqişənin həlli istiqamətində səyləri öz əksini tapıb.
İkinci fəsildə Dağlıq Qarabağ münaqişəsinin yaranmasının səbəbləri, Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamlar, Xocalı soyqırımı, münaqişənin davam etməsinin bölgəyə mənfi təsirləri haqqında məlumatlara yer verilib.
Üçüncü fəsildə isə müəllif Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən sülh danışıqları və problemin həlli yollarından, ATƏT-in Minsk qrupunun fəaliyyətindən, Ermənistan tərəfinin tutduğu qeyri-konstruktiv mövqe səbəbindən sülh danışıqlarının indiyədək heç bir nəticə verməməsindən bəhs edib.
Kitabda BMT Təhlükəsizlik Şurası, BMT Baş Məclisi, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdikləri qətnamə və qərarlar da yer alıb.