SİYASƏT
Moldovada 100-dən çox Azərbaycan vətəndaşı səsvermə hüququndan istifadə edəcək
Kişineu, 6 fevral, AZƏRTAC
Fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Moldovadakı səfirliyində yaradılan seçki məntəqəsi səsverməyə tam hazırdır.
AZƏRTAC xəbər verir ki, 19 saylı Nərimanov birinci seçki dairəsi üzrə Azərbaycanın Moldovadakı səfirliyində yaradılmış 39 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 10:00) başlayacaq. Moldovada yaşayan və ezamiyyətdə olan 100-dən çox Azərbaycan vətəndaşı səsvermə hüququndan istifadə edəcək.
Prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan vətəndaşların seçki hüququnun təmin edilməsi məqsədilə səfirlik tərəfindən müvafiq inzibati və təşkilati-texniki tədbirlər görülüb. Səsvermənin azad, ədalətli, demokratik və şəffaf keçirilməsi üçün bütün şərait yaradılıb.
Həmin seçki məntəqəsində səsvermə yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 21:00) başa çatacaq.
Xatırladaq ki, prezident seçkiləri ilə əlaqədar 37 ölkədə 49 məntəqə yaradılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu