Moldovada soydaşlarımıza Novruz xonçası və bayram sovqatı hədiyyə edilib
Kişineu, 19 mart, AZƏRTAC
Moldova Azərbaycanlıları Konqresi (MAK) bu ölkədə yaşayan 200 azərbaycanlı ailəyə Novruz xonçası və bayram sovqatı hədiyyə edib.
AZƏRTAC xəbər verir ki, MAK-ın sədri Elçin Bayramovun sözlərinə görə, bu layihənin məqsədi Novruzla bağlı milli adət-ənənələri təbliğ etmək və yaşatmaqdır:“Vətəndən uzaqda yaşayan soydaşlarımız arasında milli dəyərlərimizi təbliğ etmək, adət-ənənələrimizi yaşatmaq və bunları gələcək nəsillərə ötürmək olduqca vacibdir. Novruz ənənələrini yaşatmaq həm də Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və soydaşlarımızın birliyinin nümayişi baxımından əhəmiyyətlidir”.
O vurğulayıb ki, Novruz bayramının işğaldan azad olunmuş ərazilərdə də qeyd edilməsi soydaşlarımızda böyük ruh yüksəkliyi yaradıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu