Moldovadakı diaspor nümayəndəsi: Azərbaycanın müsbət imicini formalaşdırmaq əsas məqsədimdir - MÜSAHİBƏ
Kişineu, 28 iyul, AZƏRTAC
Həmsöhbətimiz Moldovada gənclərin fəal təmsilçisi və diasporumuzun nümayəndəsi Ramil Adıgözəlovdur. O, əslən Qarabağ bölgəsindən – Ağdam rayonundandır.
Soydaşımız AZƏRTAC-ın Kiyev bürosuna müsahibəsində yaşadığı Moldovada fəaliyyəti barədə ətraflı məlumat verib:
-Moldova Respublikası Azərbaycanlıları Konqresi Şurasının sədriyəm. Ölkənin ictimai həyatında fəal iştirak edirəm, Azərbaycanla əlaqələrin genişlənməsi istiqamətində səy göstərirəm. Azərbaycanın müsbət imicini Moldovada və onun hüdudlarından kənarda daha da inkişaf etdirməyə çalışıram.
-Moldovada bir fəal gənc kimi öz gələcəyinizi harada görürsünüz?
-Səmimi sözlərə görə sağ olun. Gələcəkdə özümü Azərbaycan və digər ölkələr, xüsusən də Moldova arasında körpülər qurmağa davam edən şəxs kimi görürəm. Mən istər sahibkarlıq, istər mədəniyyət, istərsə də idman vasitəsilə müsbət təsir ideyasına yaxınam. İstəyirəm ki, fəaliyyətim cəmiyyətə, xüsusən də gənc nəslə real fayda gətirsin.
- Azərbaycanın inkişafı kənardan necə görünür?
- Hər kəsə aydındır ki, Azərbaycan sürətlə inkişaf edir: infrastruktur, iqtisadiyyat, turizm, beynəlxalq layihələr - bütün bunlar hörmətlə qarşılanır. Mədəni irsə və tarixi ərazilərin bərpasına diqqət xüsusilə təsiredicidir. Güvən və uzunmüddətli strateji düşüncəni də hiss edə bilərsiniz.
- Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər etmisiniz?
- Təəssüf ki, hələ o torpaqlarda olmamışam, amma böyük istəyim var. Bu, sadəcə olaraq ərazi deyil - ədalətin, milli ləyaqətin bərpası və dirçəliş rəmzidir. Mən orada hər şeyin necə dəyişdiyini, şəhərlərin, kəndlərin necə bərpa olunduğunu, həyatın necə öz axarına qayıtdığını gözlərimlə görmək istəyirəm. Əminəm ki, bu, çox emosional və mənalı bir səfər olacaq.
- Bildiyimə görə, futbolu sevirsiniz. Azərbaycan və Moldova futbol klubları tez-tez görüşür. Buradakı soydaşlarımızdan ibarət azarkeşlərin dəstəyi barədə nə deyə bilərsiniz?
- Azərbaycan klubları Moldovada oynayanda, soydaşlarımızın necə birləşdiyinin şahidi oluram. Onlar stadionlara gəlirlər, dəstək olurlar, doğma ab-hava yaradırlar. Bu, çox ruhlandırıcıdır. Dəstək təkcə emosional deyil, həm də rəmzidir. Bu, xarici ölkədə yaşayan soydaşlarımızın həmrəyliyinin təzahürüdür. Hesab edirəm ki, heç bir diaspor bu məsələdə bizimlə müqayisə oluna bilməz.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu