Moşe Bekker: Azərbaycan dünyada tolerantlıq örnəyi kimi tanınır
Bakı, 20 noyabr, AZƏRTAC
Yəhudi Xəbərlər Agentliyi (YXA) Bakıda keçirilən “Dini tolerantlığın möhkəmlənməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda Beynəlxalq konfransa həsr olunmuş “Prezidentin təbrik məktubu” sərlövhəli material yerləşdirib.
YXA yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına təbrik məktubu göndərib. Prezident İlham Əliyev dövlət və hökumət başçılarına, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinə, tanınmış islam, yəhudi və xristian din xadimlərinə, alim və ekspertlərə müraciət edərək, dini tolerantlığın Azərbaycan modelinin əsas müddəalarını diqqətə çatdırıb.
Müraciətdə deyilir: “Son illər sivilizasiyalararası dialoq, multikultural dəyərlərin qorunması, dini tolerantlığın inkişafı kimi humanitar problemlərin ənənəvi müzakirə məkanına çevrilən Azərbaycanda etnik-mədəni müxtəlifliyin, multikultural, tolerant mühitin qorunması və təşviqi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir.
Müraciətdə vurğulanır: “Bir sıra ölkələrdə şahidi olduğumuz mürəkkəb etno-siyasi proseslər, dinin siyasi ambisiyalara alət edilməsi cəhdləri, radikalizm və ekstremizmin artması göstərir ki, sülh və əmin-amanlıq axtarışında olan dünyamızda multikulturalizmin alternativi olmadığı kimi, müxtəlif dinlər və məzhəblər arasında dostluq və dözümlülük münasibətlərinin də alternativi yoxdur”.
Azərbaycanda millətlər və konfessiyalar arasında dostluğun əsas şərti dövlət və konfessiyalar arasında “zəngin milli-tarixi ənənəyə əsaslanan və beynəlxalq hüquqi normalarla tənzimlənən” səmərəli dialoqdur.
Prezident İlham Əliyev konfrans iştirakçılarına məktubunda vurğulayıb: “Biz bu təcrübəni həyata keçirdiyimiz din siyasətinin uğurlu təminatı kimi qəbul edir və mövcud ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, nümunəvi dözümlülük mühitinin vacib amili kimi dəyərləndiririk”
Tanınmış yəhudi tarixçisi və analitik Moşe Beker Azərbaycan yəhudilərinin tolerantlığın Azərbaycan modeli haqqında düşüncələrini Yəhudi Xəbərlər Agentliyi üçün belə şərh edib: “Bu gün Azərbaycan dünyada tolerantlıq örnəyi kimi tanınır. Möhtərəm Prezidentimiz İlham Əliyev ardıcıl olaraq sivilizasiyalararası dialoqun, beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına yönəldilən təşəbbüs və çağırışlarla çıxış edir. Beynəlxalq humanitar forumlar, dünyanın dini liderlərinin Azərbaycanda keçirilən sammitləri müsəlman, yəhudi və xristianları narahat edən qlobal problemlərin müzakirəsinə əhəmiyyətli töhfə verir”.