MOSKVA ATƏT-İN MİNSK QRUPU ÇƏRÇİVƏSİNDƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNƏ KÖMƏK ETMƏYƏ HAZIRDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, yanvarın 14-də Rusiyanın Xarici İşlər Nazirliyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsləhətləşmələrin ATƏT-in Minsk qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrlərinin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Vartan Oskanyan arasında yanvarın 10-11-də Praqada keçirilən növbəti mərhələsi haqqında məlumat yaymışdır.
Məlumatda deyilir ki, Moskva Ermənistan və Azərbaycan tərəflərinin müxtəlif səviyyələrdə, o cümlədən prezidentlər səviyyəsində və “Praqa prosesi” çərçivəsində görüşləri müntəzəm xarakter almasından məmnundur. Beynəlxalq himayə ilə keçirilən məsləhətləşmələrdə Ermənistan və Azərbaycan nümayəndələri Dağlıq Qarabağla bağlı vəziyyətin, əslində, bütün cəhətlərini müzakirə edirlər. Bunların sırasına qoşunların çıxarılması, ərazinin hərbsizləşdirilməsi, beynəlxalq təminatlar, Dağlıq Qarabağın statusu kimi kəskin məsələlər də var. Müzakirə edilən məsələlər barədə Yerevan və Bakının baxışlarının onların konseptual yanaşmalarının yaxınlaşmasında müəyyən irəliləyişlər nəzərə çarpır. Hər iki tərəf Dağlıq Qarabağ problemi ilə bağlı gərginliyin azaldılmasına və müvafiq surətdə, bütün Cənubi Qafqaz regionunda vəziyyətin sağlamlaşdırılmasına nail olmağın zəruriliyini əsas tutaraq, birgə işi davam etdirməyə hazır olduğunu təsdiqləyir.
Məlumatda bildirilir ki, faktları müəyyənləşdirmək üçün ATƏT-in Minsk qrupunun nümayəndə heyətinin Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərə göndərilməsi haqqında bundan əvvəl qəbul olunmuş qərarın həyata keçirilməsini, habelə Ermənistan və Azərbaycan prezidentlərinin bu yay Varşavada yeni görüşünün təşkili üzrə iş aparılmasını davam etdirməyə dair tərəflərin razılığa gəlməsi də həmin kontekstə uyğun gəlir.
ATƏT-in Minsk qrupunun digər iştirakçıları ilə birlikdə Moskva Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu və dinc vasitələrlə həlli üçün Ermənistanla Azərbaycan arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə kömək göstərməyə yenə də hazır olduğunu bildirir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva