MOSKVA AZƏRBAYCAN TEATRLARINI ALQIŞLAYIR
E.T.Qofmanın avanqard quruluşda “Portağal şahzadə qız” əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Bu, xalq artisti, Bakı Kamera Teatrının bədii rəhbəri Cənnət Səlimovanın ən parlaq və yaddaqalan quruluşlarından biridir. Pyes Azərbaycan dilində nümayiş etdirilsə də, tamaşaçılar aktyorlarımızın peşəkarlığını layiqincə qiymətləndirmişlər.
Sonra Azərbaycan Dövlət Cənc Tamaşaçılar Teatrı aktyorlarının ifasında xalq şairi Rəsul Rzanın birpərdəli “Ana qaz” nağıl-nəsihəti tamaşaçıların mühakiməsinə verilmişdi. Rejissor Nicat Kazımovun quruluş verdiyi bu tamaşa rus dilində təqdim olunmuşdur. Gənc tamaşaçılar mənəvi-etik problemlərə toxunan bu əsərə də maraqla baxmışlar.
Festivalda iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, Mədəniyyət Nazirliyi İncəsənət İdarəsinin baş məsləhətçisi, əməkdar artist Mübariz Həmidov AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişdir ki, teatrlarımız festivala dəvəti böyük həvəslə qarşılamışlar. O, tanınmış Azərbaycan teatrlarının Moskva səhnəsində maraqla qarşılanmasından məmnun qaldığını qeyd edərək demişdir ki, Moskva tamaşaçısı Azərbaycan teatrının son nailiyyətləri ilə yaxından tanış olmaq imkanı qazanmış və teatr xadimlərimizin peşəkarlığını yüksək qiymətləndirmişdir.