SİYASƏT
Moskva Nikol Paşinyanın bəyanatlarından narazıdır
Moskva, 4 sentyabr, AZƏRTAC
Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliya KİV-lərinə müsahibəsində səsləndirdiyi bəyanatlardan “son dərəcə narazıdır”.
AZƏRTAC xəbər verir ki, TASS agentliyinə diplomatik mənbədən bildiriblər.
Agentliyin müsahibi deyib: “Moskvada Ermənistan rəhbərliyinin son bəyanatlarından, o cümlədən Ermənistanın baş nazirinin İtaliyanın “La Repubblica” nəşrinə müsahibəsində söylədiyi fikirlərdən və Ermənistan XİN-in avqustun 31-də verdiyi şərhlərdən son dərəcə narazıdırlar, onların öz nöqsanları və səhvlərini Rusiyanın üzərinə atmaq məqsədilə verdikləri bu bəyanatları tərzi və məzmunu etibarilə qəbuledilməz hesab edirlər”.
Mənbə qeyd edib ki, Rusiyanı süni şəkildə Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyirlər, həm də bu məqsədin reallaşması üçün İrəvandan istifadə edirlər. Məlumatda deyilir: “Ermənistanın yaxın qonşusu və dostu olan Rusiya regionu tərk etmək niyyətində deyil. Lakin bu, “ikitərəfli hərəkəti olan küçə olmalıdır”: Ermənistan da Rusiyanın sıxışdırılması üzrə Qərbin əlində alət olmamalıdır”.
Diplomatik mənbə əlavə edib ki, “Qarabağ münaqişəsinin heç vaxt Ermənistan ilə Azərbaycan arasından ərazi mübahisəsi olmadığı” tezisi yanlışdır. Agentliyin müsahibi deyib: “Qarşıdurmanın kökü Azərbaycan SSR-nin keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin statusu məsələsidir, eyni zamanda, İrəvan uzun müddət Azərbaycan ərazilərinin bir hissəsini öz nəzarəti altında saxlayıb”.
Mənbə qeyd edib ki, 2020-ci ildə baş vermiş hərbi qarşıdurma bir çox hallarda erməni rəhbərliyinin düşünülməmiş və təxribatçı addımlarının, o cümlədən “Qarabağ Ermənistandır” bəyanatının və erməni rəhbərliyinin “Dağlıq Qarabağ”ın “prezidentinin” Şuşada keçirilən inauqurasiyasında iştirakının nəticəsi idi.
“Bütün bunlar ATƏT-in Minsk qrupunun xətti ilə tərəflərin əldə etdikləri razılaşmalara əhəmiyyətli dərəcədə kölgə saldı. Əgər Rusiyanın və şəxsən Prezident Vladimir Putinin müdaxiləsi olmasaydı, hərbi əməliyyatların nəticəsi daha acınacaqlı ola bilərdi. Bununla yanaşı, müharibənin başlamasından üç həftə sonra RF Prezidenti Ermənistanın baş nazirini atəşi dayandırmağa çağırdı. Bu, daha çox qurbanların qarşısını ala, Qarabağın ərazisində sülh və sakitliyi təmin edə bilərdi”, -deyə mənbə vurğulayıb.
TASS agentliyinin müsahibi bildirib: “Ermənistan ilə Azərbaycan arasında ziddiyyətlərin nizama salınmasının əsas yolu icrası heç də Rusiyanın təqsiri üzündən qəbuledilməz şəkildə yubadılan ən yüksək səviyyədə üçtərəfli razılaşmaların həyata keçirilməsidir”.
Mənbə sonda qeyd edib ki, Ermənistanın özünü kənara çəkməsi Qarabağ ətrafında humanitar vəziyyətin nizama salınmasına kömək etmir: “Meqafon diplomatiyası Bakı-Xankəndi-İrəvan üçbucağında praktik işləri əvəz etməyə qadir deyil”.