MOSKVADA “ÇOXMİLLƏTLİ RUSİYADA EKSTREMİZMƏ YER YOXDUR” MÖVZUSUNDA DƏYİRMİ MASA İCLASI KEÇİRİLMİŞDİR
Rusiyadakı Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti Moskva Şəhər Baş Daxili İşlər İdarəsi Kriminal milis xidmətinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (MCMİ) ilə birlikdə “Prezident-hotel”də “Çoxmillətli Rusiyada ekstermizmə yer yoxdur” mövzusunda dəyirmi masa iclası keçirmişdir. Tədbirdə müxtəlif partiyaların, Dövlət Duması fraksiyalarının, Daxili İşlər Nazirliyinin, Federal Təhlükəsizlik Xidmətinin, Ədliyyə Nazirliyinin, Moskva şəhər prokurorluğunun, habelə hüquq müdafiəsi təşkilatlarının, milli-mədəni muxtariyyətlərin və milli ictimai birliklərin, diplomatik korpusun nümayəndələri və Rusiyanın elm və mədəniyyət xadimləri iştirak etmişlər.
Rusiyadakı Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Söyün Sadıqov dəyirmi masa iclasını açaraq bildirdi ki, son vaxtlar Rusiyada müxtəlif ekstremist təşkilatların fəallığının artması narahatlıq doğurur, onlar ölkədə millətçilik əhval-ruhiyyəsi yayır, müxtəlif millətlərin Rusiyada məskunlaşmış nümayəndələri arasında qorxu, vahimə yayır və ədavət salırlar. Bu cür meyllər Rusiyanın milli təhlükəsizliyi üçün ciddi qorxudur və hakimiyyət orqanları ekstremizm təzahürlərinə sərt münasibət göstərməli, millətçilik və neofaşizm faktlarını qətiyyətlə dəf etməli, qanunçuluğun azacıq da olsa, pozulmasına yol verməməlidirlər.
MCMİ-nin ekstremizm və terrorizmlə mübarizə şöbəsinin rəisi Vladimir Svetkov hüquq-mühafizə orqanlarının ekstremizm probleminə münasibətindən danışdı. O bildirdi ki, bu, hüquq-mühafizə orqanları üçün yeni bir problemdir, lakin onlar milli zəmində xoşagəlməz əməllərin qarşısını almaq üçün bütün lazımi tədbirləri görürlər. V.Svetkov hüquq-mühafizə orqanlarının qarşılaşdıqları problemlərdən də söz açdı və Rusiyanın qanunvericilik sistemini təkmilləşdirməyin zəruri olduğunu söylədi. O dedi ki, qanunvericilik sistemində məhz nəyin ekstremizm olduğu dəqiq göstərilməlidir. V.Svetkov vurğuladı ki, Rusiya Cinayət Məcəlləsinin “Millətlərarası ədavətin qızışdırılması haqqında” 208-ci maddəsi, əslində, işləmir və ona yenidən ciddi şəkildə baxılmalıdır. Bundan əlavə, ekstremizmlə bağlı cinayətlərin bu və ya digər qrupları üzrə ekspertiza keçirilməsini qanun çərçivəsində təmin etmək lazımdır. O, kütləvi informasiya vasitələrinin mənfi rolunu da nəzərə çarpdıraraq dedi ki, onlar çox vaxt öz qeyri-obyektiv informasiyaları ilə vəziyyəti gərginləşdirirlər.
Beləliklə, bütün natiqlər yekdil fikirdə oldular ki, ekstremizmə və açıq-aşkar millətçiliyə qarşı birgə mübarizə aparmaq üçün bütün hüquq-mühafizə orqanlarının və ictimai təşkilatların səylərini birləşdirmək lazımdır.
İclasın yekunlarına əsasən müraciət qəbul edildi. Müraciətdə deyilir: “Dəyirmi masanın iştirakçıları əmindirlər ki, ekstremizm problemi təkcə güc üsulları ilə həll oluna bilməz və ekstremizmin qarşısını almaq üçün Rusiya ictimaiyyəti və dövlət təsisatları tərəfindən qəti tədbirlər görülməlidir. Gənclərin hüquqi cəhətdən maarifləndirilməsinə və beynəlmiləl tərbiyəsinə, milli ədavətin qızışdırılmasına imkan yaradan dövlət məmurlarına qarşı sərt sanksiyalar tətbiq edilməsinə yönəldilmiş kompleks tədbirlər hazırlamaq lazımdır”.
İclasın işində Dövlət Duması sədrinin müavini, Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski, habelə Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları iştirak edirdilər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva