Moskvada keçirilən beynəlxalq konfransda Azərbaycanda insan hüquqları sahəsində reallaşdırılan islahatlardan danışılıb
Bakı, 16 noyabr, AZƏRTAC
Bu günlərdə Moskvada Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 70 illiyi və Rusiya Federasiyası Konstitusiyasının qəbulunun 25 illiyi münasibətilə “Avrasiya məkanında insan hüquqlarının müdafiəsi: ombudsmanların bu sahədə müsbət iş təcrübələrinin bölüşülməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda Azərbaycan Respublikası Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı da iştirak edib.
Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirə, həmçinin bir sıra dövlətlərin, o cümlədən Rusiya Federasiyasının və subyektlərinin ombudsmanları və səlahiyyətli nümayəndələri, Rusiya hökuməti və parlamentinin üzvləri, insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatların nümayəndələri, bu sahədə ixtisaslaşmış elm adamları qatılıblar.
Aydın Səfixanlı konfransda “Demokratik, hüquqi, sosial dövlət ideyası Azərbaycanın dayanıqlı və dinamik inkişafının əsasıdır” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında Azərbaycan Respublikası Konstitusiyasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının, ölkəmizin vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit edildiyini, dövlətin hər hansı mücərrəd maraqlara deyil, məhz vətəndaşların mənafelərinə, azad cəmiyyətin aparıcı qüvvəsi olan insanın maraqlarına xidmət etdiyinin ən yüksək səviyyədə bəyan olunduğunu, Azərbaycanın dayanıqlı və dinamik inkişafının əsasını demokratik, hüquqi, sosial dövlət ideyası təşkil etdiyini, Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmini və onların rifah halının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Aparat rəhbəri Azərbaycanda son illər ərzində aparılan məhkəmə-hüquq islahatları sayəsində tamamilə yeni və beynəlxalq standartlara cavab verən, vətəndaşların hüquq və azadlıqlarının daha da etibarlı müdafiəsini təmin edən müasir məhkəmə sistemi yaradıldığını, dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi nəticəsində ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha sistemli, genişmiqyaslı və səmərəli həyata keçirildiyini bildirib. Vətəndaşlara dövrün tələblərinə uyğun sivil xidmət göstərmək və müasir, sosialyönümlü innovasiyaların tətbiqindən ibarət Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tərkibində “ASAN xidmət” mərkəzlərinin yaradılmasının ölkəmizdə mühüm antikorrupsiya tədbirlərindən biri olduğu vurğulanıb. “ASAN xidmət”in artıq bir Azərbaycan brendinə çevrilərək bu gün bir çox ölkələr üçün insan hüquqlarının müdafiəsi baxımından müsbət təcrübə kimi qiymətləndirildiyi nəzərə çatdırılıb. Həmçinin artıq 16 ildir ki, Azərbaycanda insan hüquqlarının müdafiəsində mühüm rol oynayan və səmərəli mexanizmlərdən sayılan Ombudsman təsisatının fəaliyyət göstərdiyi, Konstitusiya Qanunu ilə ona verilmiş səlahiyyətlər çərçivəsində insan hüquqlarının qorunması vəziyyətini daim diqqət mərkəzində saxladığı, insan hüquq və azadlıqlarının daha səmərəli təmini ilə əlaqədar təklif və tövsiyələr verdiyi barədə danışılıb.
Konfransda çıxış edən ombudsmanlar və digər ekspertlər Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatları və Azərbaycan ombudsmanının bu istiqamətdə fəaliyyətini müsbət qiymətləndiriblər.