MOSKVADA “QAFQAZ DÖRDLÜYÜ” DİNİ LİDERLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLMİŞDİR
İclasdan əvvəl Müqəddəs Danil monastrında bu Forumun həmsədrləri - Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi ilə ikitərəfli görüşü oldu.
Görüşdə xalqlarımız arasında dini əlaqələrin dərinləşməsi və genişlənməsi ilə bağlı bir sıra məsələlər müzakirə edildi, habelə Moskvada keçirilən MDB Dinlərarası Forumun siyasi əhəmiyyəti barədə fikir mübadiləsi aparıldı.
Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi 2001-ci ildə respublikamıza səfəri zamanı tanış olduğu Azərbaycan Prezidenti İlham Əliyevə salamını və ən xoş diləklərini yetirməyi xahiş etdi. O, A.Paşazadənin də ünvanına səmimi sözlər söyləyərək dedi ki, şeyxülislam əsl sülh yaradıcısıdır və onlar birgə səylərlə xalqlar arasında sülhə və həmrəyliyə töhfə verə bilərlər.
Tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması problemini də müzakirə etdilər və “Qafqaz dördlüyü”nün fəaliyyətini gücləndirməyin zəruriliyini vurğuladılar.
Elə həmin gün Azərbaycan, Rusiya, Gürcüstan və Ermənistanın dini liderlərinin - Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadənin, Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksinin, bütün Gürcüstanın katalikos-patriarxı II İliyanın və bütün ermənilərin katalikosu II Qareginin bağlı qapı arxasında dördtərəfli görüşü keçirildi.
Dini liderlər millətlərarası münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələlərini müzakirə etdilər.