İQTİSADİYYAT
Moskvada “Rusiya energetika həftəsi” Beynəlxalq Forumu keçiriləcək
Moskva, 1 oktyabr, AZƏRTAC
Oktyabrın 3-dən 6-dək Moskvada “Rusiya energetika həftəsi” Beynəlxalq Forumu keçiriləcək.
Forumun mətbuat mərkəzindən AZƏRTAC-ın müxbirinə bildiriblər ki, tədbirdə Azərbaycanın energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə nümayəndə heyətinin iştirak edəcəyi gözlənilir.
Forumun ilk günü dünyanın 30-dan çox ölkəsinin energetika nazirlərinin iştirakı ilə “Yanacaq-energetika kompleksinin səmərəli tənzimlənməsi: ümumi yanaşma və ölkələrin fərqi” mövzusunda sessiya təşkil olunacaq. Azərbaycanın energetika naziri Pərviz Şahbazovun sessiyada çıxışı gözlənilir. Dünya Energetika Şurasının katibi Kristofer Frayın moderatorluğu ilə keçiriləcək sessiya dünya ölkələrinin energetika sahəsində dövlət siyasəti məsələlərinə həsr olunacaq.
Sessiya çərçivəsində nazirlər investisiya cəlbediciliyi, energetika təhlükəsizliyi, büdcə səmərəsi baxımından energetika sahəsinin tənzimlənməsi istiqamətində təcrübə mübadiləsi aparacaqlar.
“Rusiya energetika həftəsi” 2017-ci ildən keçirilir. Ötən il forumda 94 ölkədən 10 mindən çox adam iştirak etmişdi.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva