MTŞ: Türkiyə regionda sülhün bərqərar olması üçün səylərini davam etdirəcək
Ankara, 8 aprel, AZƏRTAC
Türkiyənin Milli Təhlükəsizlik Şurası (MTŞ) İran ətrafındakı gərginliyin aradan qaldırılmasına dair səyləri alqışlayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada keçirilən MTŞ-nin iclasından sonra açıqlanan bəyanatda bildirilib.
İştirakçılar Ankaranın bölgədə sülhə doğru səmimi səylərini davam etdirməyə hazır olduğunu bəyan ediblər.
“Xüsusi diqqət müharibə və münaqişələrin qonşu İraqa təsirinə yetirildi. Dost və qardaş İraq xalqının maraqları naminə sabitliyin və təhlükəsizliyin qorunmasının vacibliyi qeyd olundu. Türkiyə MTŞ Livanın suverenliyinə və ərazi bütövlüyünə qəti dəstəyini də bildirdi. Həmçinin Suriyada davamlı sülh və sabitliyin bərqərar olması ilə bağlı atılan addımlar çərçivəsində gedən proseslər qiymətləndirildi. Qonşu ölkənin ərazi bütövlüyünün, suverenliyinin və birliyinin gücləndirilməsinin vacibliyi vurğulandı. Ankaranın Dəməşqi dəstəkləməyə hazır olduğu qeyd edildi. Rusiya-Ukrayna müharibəsi mövzusu ayrıca müzakirə edildi. Münaqişənin Qara dənizə yayılmasının və enerji təhlükəsizliyinə təhdidin qəbuledilməzliyi vurğulandı. Bütün tərəflərə təkidlə təmkinli olmaq tövsiyə edildi”, - deyə bəyanatda vurğulanıb.