Müasir İncəsənət Muzeyində əməkdar rəssamın fərdi sərgisi açılmışdır
Bakı, 2 noyabr (AZƏRTAC). Noyabrın 2-də Müasir İncəsənət Muzeyində Azərbaycanın Əməkdar Rəssamı Eldar Qurbanovun fərdi sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, anadan olmasının 65, yaradıcılıq fəaliyyətinin isə 40 illiyinə həsr olunmuş sərgidə fırça ustasının 85 əsəri nümayiş olunmuşdur.
Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Xalq Rəssamı, akademik Xanlar Əhmədov, muzeyin icraçı direktoru Xəyyam Abdinov və Əməkdar Rəssam İsmayıl Məmmədov E.Qurbanovun özünəməxsus yaradıcılıq üslubundan söz açmışlar.
Bildirilmişdir ki, Eldar Qurbanov 1989-cu ildə Xəzəryanı respublikaların Biennalesində “Şair və Muza” əsərinə görə birinci dərəcəli diplom və qızıl medala layiq görülmüşdür. O, 1994-cü ildə Azərbaycan Rəssamlar İttifaqının Soltan Məhəmmədin xatirəsinə həsr olunmuş müsabiqəsinin laureatı olmuşdur.
Qeyd edilmişdir ki, onun əsərləri Azərbaycan Rəssamlar İttifaqında, Rusiya Rəssamlar İttifaqında, Tretyakov qalereyasında, Hyustonda “Ramko” İncəsənət Mərkəzində, İstanbulda, o cümlədən Azərbaycanda və xaricdə şəxsi kolleksiyalarda saxlanılır.
Tədbirdə Eldar Qurbanova Dünya Rəssamlıq Akademiyasının diplom və medalını təqdim edilmişdir.
Bütün iştirakçılara minnətdarlığını bildirən E.Qurbanov bundan sonra da Azərbaycan təsviri sənətinin inkişafı naminə yorulmadan fəaliyyət göstərəcəyini söyləmişdir.
Sonra tədbir iştirakçıları sərgi ilə yaxından tanış olmuşlar.
Sərgidə nümayiş olunan əsərlər bir daha sübut etmişdir ki, Eldar Qurbanov dünyanın rənglərinə vurğundur. Onun kompozisiyaları ümumiləşdirilmiş formaların qarşılıqlı təmasından qurulmuşdur. Rəssamın əsərlərində səmimilik, canlı təxəyyül, təəccüblənmək və təəccübləndirmək qabiliyyəti xüsusilə diqqəti cəlb edir.