Müdafiə Nazirliyi Xankəndi üzərində Azərbaycana məxsus PUA-nın vurulması məsələsinə münasibət bildirib
Bakı, 8 aprel, AZƏRTAC
Artıq Ermənistan tərəfi elə bir qorxu və səksəkə içindədir ki, hər yerdə özünə qarşı təhlükə olacağını hiss edir.
Bunu guya Xankəndi şəhəri üzərində Azərbaycana məxsus pilotsuz uçuş aparatının (PUA) vurulması ilə bağlı Ermənistan mətbuatında yer alan xəbərlərlə bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Nazirliyin açıqlamasında qeyd olunub ki, bundan əvvəl Azərbaycanın xüsusi təyinatlıları, döyüş təyyarələri və digər vasitələrini dörd bir yanda görən ermənilər indi də pilotsuz uçuş aparatlarımızın xəyali ərazilərdə hərəkəti barədə vahimə saçan bəyanatlar verirlər. Hər hansı beynəlxalq nümayəndə heyəti Xankəndinə gələndə erməni tərəfi istisna deyil ki, məhz bu cür fırıldağa əl ataraq istifadəyə yararsız, “vurduqları” PUA-nın guya Azərbaycana məxsusluğunu iddia etməklə bədbəxt görkəm alaraq, göz yaşı içində onlardan imdad diləyirlər.
Ermənistan tərəfi bu cür yalan və əsassız məlumatları yaymaqla beynəlxalq təşkilatların nümayəndələrini, dünya ictimaiyyətini çaşdıraraq törətmək istədikləri təxribatlara zəmin yaratmaq məqsədi güdürlər.