“MUĞAMAT VAR OLAN YERDƏ...”
Teatrdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, gecədə çıxış edən natiqlər Hacıbaba Hüseynovun klassik ifaçılığımızın ənənələrini, muğamlarımızın saflığını, ilkinliyini qorumasından, xalq musiqimizi öz təkrarsız üslubu və yaradıcılığı ilə daha da inkişaf etdirməsindən danışmış, xatirələrini söyləmişlər.
Natiqlər vurğulamışlar ki, böyük ustad xalq musiqimizi ölkəmizdən kənarlarda da yüksək məharətlə nümayiş etdirmiş, onun ifasında xalq mahnıları, təsnif və muğamlar YUNESKO yanında fəaliyyət göstərən beynəlxalq Şərq mədəniyyəti evi tərəfindən kompakt disklərə yazılmışdır. Onun özünəməxsus ifaçılıq tərzi, virtuozluğu, dərin musiqi duyumu, müdrik fəlsəfi yozumu, muğam sənətinin beynəlxalq səviyyədə qavranılmasına, sevilməsinə, layiqincə qiymətləndirilməsinə səbəb olmuşdur.
Mərhum xanəndənin baldızı, xalq artisti Sara Qədimova Hacıbaba Hüseynovun xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirmişdir.
Gecədə xanəndənin lent yazıları səsləndirilmiş, tanınmış muğam ustaları Hacıbaba Hüseynovun repertuarında geniş yer tutmuş muğamları, xalq mahnılarını və təsnifləri oxumuşlar.