CƏMİYYƏT
Müharibə əlilləri və veteranlara göstərilən psixoloji-reabilitasiya xidmətləri ilə bağlı müzakirələr aparılıb







Bakı, 23 sentyabr, AZƏRTAC
Beynəlmiləlçi əlil döyüşçülər müharibə əlilləri və veteranlara göstərilən psixoloji-reabilitasiya xidmətləri, onları narahat edən sosial problemlərlə bağlı məsələləri müzakirə ediblər.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu “Müharibə əlillərinə, veteranlarına psixoloji-reabilitasiya və sosial problemlərinin həllinə dəstək” layihəsi ilə nəzərdə tutulmuş “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalıdır!” mövzusunda dəyirmi masa keçirib.
Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fondun prezidenti Sərraf Orucov çıxış edərək ilk öncə Azərbaycanın suverenliyinin bərpa olunması ilə bağlı dəyirmi masa iştirakçıları adından Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevi, Azərbaycan Silahlı Qüvvələrinin bütün əsgər və zabitlərini və Azərbaycan xalqını təbrik etdi.
Daha sonra Sərraf Orucov layihədə qaldırılmış problemlərlə bağlı çıxış edərək bildirdi ki, tibbi müalicəyə ehtiyacı olan müharibə əlilləri onlara dövlət tərəfindən verilmiş səhiyyə imtiyazları haqqında tam məlumatlı olmadıqları üçün vaxtı-vaxtında müalicə almır və bu səbəbdən yeni yaranan xəstəlikləri barədə bəzən gec xəbər tuturlar.
“Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli iradəsi ilə Şanlı Zəfər qələbəni xalqımıza bağışlamış, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşərək sağlamlıqlarını itirmiş müharibə əlilləri və veteranların yaranmış tibbi-sosial problemlərinə biganə qalmamalıyıq”, - dedi.
Layihənin rəhbəri Rasim Mirzəyev bildirdi ki, həyata keçirilən layihənin əsas məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşərək sağlamlıqlarını itirmiş müharibə əlilləri və veteranlarına dövlət tərəfindən qanunla nəzərdə tutulmuş tibbi-reabilitasiya və sosial təminat hüquqlarını aidiyyəti olan qurumlar tərəfindən təmin olunmasına hüquqi köməklik göstərməkdir.
Həyata keçirilən layihə çərçivəsində müharibə əlilləri və veteranlar arasında psixoloji gərginliyi artmış insanlara köməklik göstərmək məqsədilə hüquqi yardım xidməti və psixoloji-reabilitasiya kursları təşkil edilərək intihar hallarının qarşısının alınması istiqamətində maarifləndirmə işləri apararaq, onlara cəmiyyətdə psixoloji və fiziki maneələrin minimuma çatdırılması üçün tibbi məsləhətlər verilərək köməklik göstərilir.
Dəyirmi masanın sonunda müharibə əlilləri və veteranların müraciət və xahişlərini nəzərə alaraq, görüş iştirakçıları adından onların ən aktual sosial və psixoloji-reabilitasiya problemlərinin həlli ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti dövlət təşkilatlarına - Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi qərara alındı.