“Müharibə uşaqların gözü ilə” rəsm sərgisi açılmışdır
Bakı, 23 fevral (AZƏRTAC). Fevralın 23-də “Abşeron” rəsm qalereyasında Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) birgə təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Müharibə uşaqların gözü ilə” seriyasından “Xocalı - qanlı-qadalı” mövzusunda sərgi açılmışdır.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” Beynəlxalq kampaniyası çərçivəsində təşkil olunmuş tədbirdə qalereyanın direktoru Eldəniz İbrahimov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, BŞGİBİ-nin rəisi Raqif Abbasov, Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev və başqaları çıxış etmişlər. Natiqlər bildirmişlər ki, sərginin əsas məqsədi Xocalı həqiqətlərinin dünyaya çatdırılması və gənc nəslin tarixin dərslərindən nəticə çıxarmasıdır.
Qeyd edilmişdir ki, bu gün belə sərgilərin çox böyük tərbiyəvi əhəmiyyəti vardır. Uşaqlar bu faciəni anaraq yaşadır və tarixi həqiqətin carçısına çevrilirlər.
Müsabiqə xarakteri daşıyan sərgidə 70 uşağın 72 əsəri nümayiş etdirilir.
Sonda münsiflər heyətinin qərarı ilə sərgi qaliblərinin adları elan olunmuşdur. Xətai rayonundakı 64 nömrəli orta məktəbin şagirdi Əsmər Mirzəyeva I, Nizami rayonundakı 238 nömrəli məktəbin şagirdi Nəriman İsmayılzadə II, Xətai rayonundakı 257 nömrəli məktəbin şagirdi İmmi Məclunova III yerləri tutmuşlar, 10 nəfər isə həvəsləndirici mükafata layiq görülmüşdür.
Sərgi fevralın 26-dək davam edəcəkdir.