Müharibə veteranları sərhədçilərlə görüşmüşlər
Naxçıvan, 7 may (AZƏRTAC). Naxçıvan Sərhəd Diviziyasında Böyük Vətən müharibəsi veteranları ilə sərhədçilər arasında görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, faşizm üzərində Qələbənin 66-cı ildönümü münasibətilə keçirilən görüşü sərhəd diviziyasının şəxsi heyət üzrə şöbəsi rəisinin müavini, mayor Allahyar Allahyarov açmışdır. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Araz Əliyev çıxış edərək Böyük Vətən müharibəsi iştirakçılarının döyüş yolunun hər bir Azərbaycan gənci üçün örnək olduğunu bildirmişdir.
Görüşdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Qara Fərzəliyev, Naxçıvan Şəhər Ağsaqqallar Şurasının sədri Heydər Heydərov sərhədçilərə müharibə illəri haqqında məlumat verərək bildirmişlər ki, mayın 9-da faşizm üzərində Qələbənin 66-cı ildönümü tamam olacaqdır. O dəhşətli illərdən uzun müddət keçsə də, müharibənin vurduğu yaralar hələ də yaddaşlardan silinməmişdir.
Azərbaycanın mərd oğul və qızları Böyük Vətən müharibəsində mərdliklə vuruşmuş, qəhrəmanlıq zirvəsinə qədər yüksəlmişlər. Onların şərəfli döyüş yolunu davam etdirən gənc nəsil də torpaqlarımızın bir qarışını belə düşmənlərə güzəştə getmir, sinələrini güllə qabağına verərək şəhidlik zirvəsinə ucalırlar. Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətli tədbirlər Naxçıvan Muxtar Respublikasında da öz bəhrələrini verir, müharibə veteranlarının sosial müdafiələri getdikcə möhkəmləndirilir, həyat şəraiti daha da yaxşılaşdırılır.
Sonda müharibə veteranlarına hədiyyələr təqdim olunmuşdur.