Müqəddəs bayrağımız sarsılmaz birliyimizin simvoludur
Naxçıvan, 6 noyabr, AZƏRTAC
Azərbaycanın müstəqillik uğrunda mübarizə apardığı dövrdə onun azadlıq və müstəqilliyinin simvolu olan üçrəngli bayrağımız 1990-cı il noyabrın 17-də ulu öndərimiz Hеydər Əliyеvin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən sessiyada dövlət bayrağı kimi qəbul edilib. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxıb və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu faktları “Dövlət atributlarından biri: dövlət bayrağı” mövzusunda keçirilən konfransda çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev səsləndirib. Akademik Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul olunmasında Ümummilli Liderimizin tarixi xidmətlərini diqqətə çatdıraraq onun Azərbaycan SSR Ali Soveti qarşısında həmin bayrağın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılması istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən və bu sahədə imzalanan mühüm dövlət sənədlərindən söz açıb.
İsmayıl Hacıyev 1998-ci il martın 13-də Ümummilli Liderimiz tərəfindən imzalanan “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında”, 2004-cü il iyunun 8-də isə “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” sərəncamları diqqətə çatdırıb. Bildirib ki, dahi şəxsiyyətin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bayraq Meydanının yaradılması, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalayıb. Həmin sənədə əsasən ölkəmizdə 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Naxçıvanda da dövlət atributlarına münasibətin yüksək səviyyədə olduğunu vurğulayan İsmayıl Hacıyev muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” 2014-cü il 22 avqust tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb.
Azərbaycanın hər yerində dövlət bayrağımızın dalğalandığını qeyd edən bölmə sədri bildirib ki, ərazi bütövlüyümüzün, dünya azərbaycanlılarının mənəvi, mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin simvolu, canımız, qanımız olan müqəddəs bayrağımız bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun uğurlu əməliyyatları nəticəsində düşmən tapdağından azad olunan qədim yurd yerlərimizdə dalğalanır.
Konfransda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Bayrağımız şərəfimiz, vicdanımız, müstəqilliyimizin rəmzidir” və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov “Ən ali milli dəyər: üçrəngli bayrağımız” mövzusunda məruzə ilə çıxış ediblər.