Müqəddəs orucluq ayı – Ramazan başlandı
Bakı, 1 avqust (AZƏRTAC). Avqustun 1-də Müqəddəs orucluq ayı - Ramazan başlanmışdır.
Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Yəmənin ilahiyyatçı və münəccimləri iyulun 31-də axşam səmada təzə ayın göründüyünü xəbər vermişlər. Bu, öz nəfsini cilovlamaq, möminlik, sülh və asayiş ayı olan Ramazanın başlanması əlamətidir.
Bu il orucluğun ilk və ən uzun günü avqustun 1-nə təsadüf edir. O, 15 saat 14 dəqiqə davam edəcəkdir. Ramazan ayı 30 gündən sonra başa çatır. Orucluğun sonuncu günü ən qısa olacaqdır - 14 saat 21 dəqiqə.
Ramazan ayında bütün müsəlmanlar Allaha daha yaxın olurlar. Hətta adi vaxtlarda məscidə az-az gedənlər də orucluq ayında dini mərasimlərə ciddi riayət edirlər. Belə hesab edilir ki, Ramazan ayında Allah insanların taleyi haqqında qərarlar qəbul edir. Ona görə də məhz bu ayda müsəlmanlar özlərini İslam dininin tələbləri baxımından daha düzgün aparmalıdırlar.
Orucluq müddətində bütün münaqişə və mübahisələri unutmaq lazımdır, dostlar bir-birinə münasibətdə səxavətli və səmimi olmalı, imkansızları da yaddan çıxarmamalıdırlar.
Müqəddəs orucluğun tələblərini yerinə yetirməyənlər 30 gün deyil, 60 gün oruc tutmalıdırlar. Bu, “kəffarə” adlanır.
Orucluq ayında öz nəfsini idarə edə bilməyən imkanlı adamlar kəffarəni xeyriyyəçilik fəaliyyəti ilə əvəz edə bilərlər. O, azı 60 kasıbı doydurmalı, yaxud bir nəfər imkansızı iki ay saxlamalıdır.
Bu qaydalardan istisnalar da vardır. Hamilə qadınlar və uşaq əmizdirən analar, səyyahlar və hərbçilər, uşaqlar və ahıllar, əlacı olmayan xəstəliyə tutulanlar, təbii fəlakətlər zamanı zərər çəkənlər oruc tutmaqdan azad edilir. Lakin bütün “fövqəladə hallar” başa çatandan sonra mömin müsəlmanlar öz dini borcunu yerinə yetirməli və istənilən başqa bir vaxtda oruc tutmalıdırlar.