Müsəlman Şərqinin ilk demokratik respublikasının yaranmasının 97-ci ildönümü Braziliyada qeyd edilib
Bakı, 29 may, AZƏRTAC
Azərbaycanın Braziliyadakı səfirliyi tərəfindən paytaxt Braziliada 28 May - Respublika Gününə həsr edilən rəsmi qəbul təşkil edilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfir Elnur Sultanov qəbulda çıxış edərək müsəlman Şərqində ilk dünyəvi, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti, ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafındakı tarixi xidmətləri və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət, “Bakı-2015” birinci Avropa Oyunları, həmçinin Azərbaycan ilə Braziliya arasında ikitərəfli əməkdaşlığın dinamik inkişafı haqqında məlumat verib.
Sonra Braziliya Poçt Xidməti (Correios) tərəfindən “Braziliya-Azərbaycan diplomatik münasibətləri seriyası” adı altında hazırlanmış, üzərində Azərbaycanın Dövlət Bayrağı Meydanının və Braziliyanın Üç Hakimiyyət Meydanının fotosu olan poçt markalarının ilk buraxılışının təqdimatı keçirilib. Markalar səfir Elnur Sultanov və Braziliya Poçt Xidmətinin vitse-prezidenti Morqana Kristina Santos tərəfindən möhürlənib.
Mərasimdə çıxış edən M.K.Santos bu markaların Azərbaycan-Braziliya dostluğunun inkişafına töhfə verəcəyini deyərək hər iki ölkənin Bayraq meydanları haqqında məlumat verib. O, Azərbaycanın Dövlət Bayrağı Meydanındakı bayraq dirəyinin Ginnesin Rekordlar Kitabına dünyanın ən hündür bayraq dirəyi kimi düşdüyünü qeyd edib. Səfir E. Sultanov bu layihənin həyata keçirilməsinə görə Braziliya Poçt Xidmətinə təşəkkürünü bildirərək, bunun iki ölkə arasında əməkdaşlığın bariz nümunəsi olduğunu vurğulayıb. O, “Bakı-2015” birinci Avropa Oyunlarına həsr edilən, Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırlanan poçt markalarını M.K.Santosa hədiyyə edib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının 2010-cu il sentyabrın 1-də keçirilmiş açılış mərasiminin videoyazısı nümayiş etdirilib.
Sonra Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü, tanınmış aşpaz Ziya Şahbazov tərəfindən hazırlanan milli mətbəx nümunələrimizin təqdimatı keçirilib.
Tədbir iştirakçılarına “Bakı-2015”lə bağlı hədiyyələr paylanılıb və Avropa Oyunlarına aid videoçarx nümayiş etdirilib.
Rəsmi qəbulda Braziliyanın yüksək səviyyəli rəsmi şəxsləri, parlamentin üzvləri, diplomatlar, Azərbaycan icmasının təmsilçiləri və ölkə mətbuatının tanınmış nümayəndələri iştirak ediblər.