Musiqi ilə məşğul olmaq beyin sağlamlığını qorumağa kömək edir
Bakı, 8 fevral, AZƏRTAC
Musiqi ilə məşğul olmaq beyin sağlamlığını qorumağa kömək edir.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, bu, İngiltərədə aparılan araşdırma zamanı məlum olub.
“International Journal of Geriatric Psychiatry”də dərc olunan araşdırmaya görə, Exeter Universitetinin alimləri musiqi ilə məşğul olan və məşğul olmayan insanların beyinlərinin necə yaşlandığını tədqiq ediblər. 40-68 yaşarası 1100-dən çox insan üzərində aparılan tədqiqatda bunun beyinə təsiri araşdırılıb. Müxtəlif musiqi alətlərini çalmağın, mahnı ifa etməyin, not oxumağın, musiqi dinləməyin və ümumiyyətlə, musiqi istedadına sahib olan insanların beyninə təsiri alimlər tərəfindən maraqla qarşılanıb. Onlar həyatında musiqi ilə məşğul olmuş və heç vaxt musiqi ilə maraqlanmayan insanların idrak məlumatlarını müqayisə ediblər. Nəticələr göstərib ki, piano çalan insanlar musiqi ilə məşğul olmaqdan daha çox fayda alırlar, lakin musiqi dinləmək idrak sağlamlığına eyni təsir göstərmir. Araşdırma, musiqi ilə məşğul olmağın yaddaşı güclü tutaraq sonrakı yaşlarda beyin sağlamlığını qorumağa kömək etdiyini və mütəmadi olaraq not oxuyan insanların daha yaxşı rəqəmsal yaddaşa sahib olduğunu ortaya çıxarıb.
Araşdırmanın aparıcı müəllifi professor Anne Corbet, həmin araşdırma üçün çox həssas testlər tətbiq etdiklərini, insanların müxtəlif beyin funksiyalarının araşdırıldığını və musiqinin buna təsirinin də tədqiq edildiyini bildirib. Vurğulanıb ki, xüsusilə, müxtəlif musiqi alətlərində çalmaq beyinə müsbət təsir göstərir.