MUSTAFA KAMAL ATATÜRKÜN 125 İLLİYİ QEYD OLUNMUŞDUR
Əvvəlcə, Azərbaycanin və Türkiyənin dövlət himnləri səsləndirilmişdir. Atatürkün həyat və fəaliyyətini əks etdirən sənədli filmlərdən franqmentlər nümayiş etdirilmişdir.
Milli Məclisin Azərbaycan-Türkiyə dostluq qrupunun, Türkiyənin ölkəmizdəki səfirliyinin, milli kitabxananın və Azərbaycanda Atatürk Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə Cümhuriyyətinin yaradılmasında və dövlətçiliyinin inkişafında Atatürkün misilsiz xidmətlərindən danışılmışdır.
Kitabxananın direktoru Kərim Tahirov, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin deputatı Nizami Cəfərov və Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı tədbirdə çıxış edərək, Atatürkü cəsarətli komandan, dahi şəxsiyyət, müdrik dövlət başçısı kimi səciyyələndirmişlər. Vurğulanmışdır ki, müasir dünyanın, dövlət quruculuğunun tələbləri XX əsrin əvvəllərindəkindən fərqlənir. Lakin böyük təcrübə, ümumiyyətlə, heç zaman köhnəlmir. Atatürkün təcrübəsi də türkdilli dövlətlər üçün məhz bu cürdür.
Qeyd edilmişdir ki, ulu öndərimiz Heydər Əliyev Atatürkün xidmətlərini həmişə yüksək dəyərləndirmişdir. Bu mənada, Atatürkçülüyün məhz bir elm kimi öyrənilməsinin vacibliyi qeyd olunmuşdur.
Tədbirdə son illər Azərbaycanda Atatürk Mərkəzinin fəaliyyətindən söz açılmışdır. Qeyd edilmişdir ki, neçə illərdir konfranslarda, simpoziumlarda, ali məclislərdə Atatürkün həyatı və fəaliyyəti ilə bağlı ətraflı söhbətlər getsə də, onun haqqında minlərlə kitab, jurnal və qəzet materialları dərc olunsa da, bu böyük şəxsiyyətin öyrənilməsinə yenə də ehtiyac vardır. Bu məqsədlə mərkəz Atatürkün 125 illiyi ilə əlaqədar bir sıra kitablar nəşr etdirmişdir. Tədbirdə həmin kitabların təqdimatı da olmuşdur.
Axırda rejissor Mehriban Ələkbərzadənin “Türklər atası” filmi göstərilmişdir.