Mütəxəssis: Ailədə düzgün qidalanma vərdişlərinin formalaşdırılması əsas amillərdən biridir
Bakı, 6 iyul, AZƏRTAC
Sağlamlıq vərdişləri ailədə bir “mədəni irs” kimi formalaşmalıdır. Valideynlərin diqqətinə çatdırım ki, uşaqlarda sağlamlıqlarına qarşı məsuliyyət hissinin formalaşdırılmasında ən təsirli metod şəxsi nümunədir. Uşaqlar valideynlərinin dediklərindən çox, etdiklərini təkrarlayırlar. Məsələn, ailədə çox duzlu, yağlı, şəkərli qidalara üstünlük verilmirsə, deməli, uşaqlar böyüyəndən sonra və gələcəkdə öz ailələrində də belə qidalara meyil etməyəcəklər. Birgə yemək zamanı uşaqlar rasional qidalanma qaydalarını öyrənir və bu vərdişlər də onların gələcək həyat tərzinin əsasını təşkil edir. Ailə yeməkləri yalnız qidalanma ehtiyacını ödəmək üçün deyil, həm də ailə birliyinin möhkəmləndirilməsi, sağlam vərdişlərin formalaşdırılması və psixoloji sağlamlığın qorunması baxımından böyük əhəmiyyət daşıyır. Əgər uşaq böyüdüyü evdə idmanın, düzgün qidalanmanın və emosional dürüstlüyün bir yaşam tərzi olduğunu görürsə, o, bunu həyat norması kimi bilib, gələcəkdə qurduğu ailədə də bu modeli tətbiq edəcək. Beləliklə, biz sadəcə bir fərdi deyil, gələcək nəsilləri xroniki xəstəliklərdən və zərərli asılılıqlardan sığortalamış oluruq. Sağlamlıq ailədə bir məcburi qayda deyil, təbii bir dəyər kimi qəbul edildikdə onun təsiri qalıcı olur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Leyla Cəfərli səsləndirib.
O deyib ki, ailə daxilində sağlam mənəvi mühit yaratmaq, hər bir ailə üzvünün özünü psixoloji cəhətdən rahat və qorunmuş hiss etməsi üçün bir sıra vacib məsələlərə diqqət yetirilməlidir. Onun sözlərinə görə, ilk növbədə, ekran qarşısında keçən vaxt azaldılmalı, canlı ünsiyyətə üstünlük verilməlidir: “Mehriban, anlayışlı və bir-birini dinləyən ailə üzvləri arasında stres səviyyəsi həmişə aşağı olur. Ailədə düzgün qidalanma vərdişlərinin formalaşdırılması insan sağlamlığının qorunmasında əsas amillərdən biridir. Sağlam və balanslı qidalanma uşaqların normal inkişafını təmin edir, böyüklərin isə müxtəlif xəstəliklərdən qorunmasına kömək edir. Bununla yanaşı, ailədaxili birgə yemək ənənəsi həm fiziki, həm də psixoloji sağlamlığın mühafizəsində fundamental rol oynayır. Ailə üzvlərinin mütəmadi olaraq bir süfrə ətrafında toplanması sağlam qida davranışlarının mənimsənilməsinə, ailədaxili münasibətlərin möhkəmlənməsinə, uşaqların düzgün tərbiyə olunmasına müstəsna təsir göstərir. Digər tərəfdən, ailə süfrəsi ailə üzvləri arasında kommunikasiya bağlarını əhəmiyyətli dərəcədə gücləndirir. Gün ərzində baş verən hadisələrin bölüşülməsi, fikir mübadiləsi və qarşılıqlı diqqət ailədaxili münasibətlərin səmimiliyini artırır. Eyni zamanda, ailələr profilaktik tibbi müayinələrin əhəmiyyətini diqqətdən kənarda qoymamalıdırlar. Vaxtında həkim müayinəsindən keçmək, uşaqların peyvəndlərini düzgün şəkildə etdirmək və sağlamlıqla bağlı kiçik problemləri gecikdirmədən həll etmək çox önəmlidir”, - deyə şöbə müdiri vurğulayıb.