Muzdla işləyənlərin 905 min nəfəri iqtisadiyyatın dövlət sektorunda çalışıb
Bakı, 30 may, AZƏRTAC
Cari il aprelin 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 702,8 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 905 min nəfər, qeyri-dövlət sektorunda isə 797,8 min nəfər təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda 31,2 min nəfər, qeyri-neft-qaz sektorunda isə 1 milyon 671,6 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,4 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,3 faizi tikintidə, 7,2 faizi emal sənayesində, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub. Xidmət sahəsində işləyənlərin 19,6 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,1 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi istirahət, əyləncə və incəsənət, 1,9 faizi maliyyə və sığorta fəaliyyəti, 1,8 faizi informasiya və rabitə, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.
Cari ilin I rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1998 nəfər olub. Onlardan 56,7 faizi tikintidə, 10 faizi mədənçıxarma sənayesində, 6,2 faizi emal sənayesində, 5,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 3,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 3,3 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi və 14,3 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub. 2022-ci ilin yanvar-mart aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 142,3 saat təşkil edib.