NAHAQ QAN YERDƏ QALMAYACAQ!
ORDUMUZUN GÜCÜ VƏ İQTİSADİ QÜDRƏTİMİZ BUNUN ÜÇÜN YETƏRLİDİR
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbiri giriş sözü ilə açan nazir on iki il öncə erməni silahlı birləşmələrinin keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayının hərbi texnikası və şəxsi heyəti ilə birlikdə Xocalıya soxularaq tarixdə görünməmiş qəddarlıq və amansızlıqla dinc əhaliyə qarşı soyqırım tətbiq etdiyini, şəhər sakinlərinin, demək olar ki, beşdə bir hissəsini kütləvi şəkildə qırdığını xatırlatmış, Azərbaycan tarixinin ən qanlı səhifələrindən olan bu soyqırımın qurbanlarının xatirəsinin hər il Daxili İşlər Nazirliyində də ehtiramla yad edildiyini, erməni faşizmi və millətçiliyinin xalqımız tərəfindən qətiyyətlə pislənildiyini bildirmişdir.
General-polkovnik R.Usubov daha sonra qeyd etmişdir ki, doğma yurdlarından qaçqın və məcburi köçkün düşmüş soydaşlarımızın faciədən keçən müddət ərzində həyat şəraitinin, maddi rifah halının yaxşılaşması, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində xeyli iş görülmüşdür. Torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində ümummilli liderimiz Heydər Əliyevin son on ildə apardığı ardıcıl, məqsədyönlü siyasət nəticəsində ərazi bütövlüyümüzü bərpa edəcək güclü ordu, o cümlədən Silahlı Qüvvələrimizin ayrılmaz tərkib hissəsi olan Daxili Qoşunlar formalaşmışdır. Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, danışıqlar vasitəsilə ədalətli həlli mümkün olmasa, o zaman Silahlı Qüvvələrimiz, daxili işlər orqanları torpaqlarımızı işğaldan güc, silah yolu ilə geri almağa hər an hazırdır.
Daha sonra DİN Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polis polkovniki Mehman Mehmanov çox da uzaq olmayan tarixi keçmişimizə qısa ekskurs edərək, on iki il öncə fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törədilmiş qanlı cinayəti faktların dili ilə açıqlamışdır. Bir daha xatırlanmışdır ki, həmin gün erməni silahlı birləşmələri 366-cı motoatıcı alayın 92 ədəd ağır texnikasının müşayiəti ilə şəhərə hücum etmiş, kütləvi qırğınların törədilməsində erməni C.Ohanyan və V.Fitçiyanın rəhbərlik etdiyi batalyonlar daha fəal olmuşlar. Faciəyə qədər 7 mindən artıq azərbaycanlının yaşadığı şəhər yerlə-yeksan edilmiş, qanlı qırğın nəticəsində həmin gün, əsasən, qocalardan, qadınlardan və uşaqlardan ibarət 631 dinc sakin vəhşicəsinə öldürülmüş, 1275 nəfər əsir götürülmüşdür. Respublikamızın o vaxtkı səriştəsiz, maymaq rəhbərliyi faciənin qarşısını almaqdan ötrü konkret heç bir addım atmamış, rəsmi orqanlar və şəxslər kütləvi qırğının, öldürülənlərin sayını qat-qat azaltmaqla onun miqyasını kiçiltməyə, həqiqəti xalqdan gizlətməyə çalışmışlar. Mütəllibov iqtidarı ilə vəzifə, kreslo davası aparan, tökülən qanların üstündən adlayıb hakimiyyətə gələn indiki müxalifət partiyalarının, xalqın etimadını birdəfəlik itirmiş keçmiş AXC-Müsavat iqtidarının liderləri də həmin hadisələrə görə məsuliyyət daşıyırlar.
Yalnız ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də Xocalı soyqırımı haqqında qərar qəbul etmiş, hər il fevralın 26-nın “Xocalı soyqırımı günü” kimi qeyd edilməsi qərara alınmışdır.
Qeyd olunmuşdur ki, Xocalı uğrunda gedən döyüşlər zamanı polis əməkdaşları da xüsusi fədakarlıq və şücaət göstərmiş, onlardan 13-ü şəhidlik zirvəsinə ucalmışdır. Xocalı RPŞ-nin müxtəlif vaxtlarda şəhid olmuş 28 əməkdaşından 4-ü “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Şəhid polis ailələri adından Milli Qəhrəman Əlif Hacıyevin həyat yoldaşı Qalina Hacıyeva, Əbülfət Əliyevin həyat yoldaşı Vərziyar Əliyeva Xocalıda həmin gün baş vermiş dəhşətli olayları indi də səksəkəylə, göz yaşları ilə xatırladıqlarını, soyqırım barədə həqiqətlərin bütün dünyada yayılmasının, günahkarların cəzalandırılmasının vacibliyini qeyd etmiş, qaçqın, məcburi köçkün və şəhid ailələrinə göstərdikləri daimi diqqət və qayğıya görə ölkəmizin və DİN-in rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Tədbirə yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov böyük faciəni xatirələrdə, ürəklərdə yaşatmaqdan əlavə hər birimizin gələcəyə inamla, ümidlə baxmasının, həmin dəhşətlərin yenidən təkrarlanmaması, erməni faşizminin Azərbaycandan yox edilməsi üçün milli birliyin və həmrəyliyin zəruriliyini vurğulamışdır. DİN-in rəhbəri ümummilli liderimizin də məhz belə siyasət yeritdiyini, bu kursun Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini xüsusi vurğulamışdır. Nazir bildirmişdir ki, bir tərəfdən ordumuzun güclənməsi, digər tərəfdən iqtisadi qüdrətimizin daha da artması nəticəsində Vətənimizin düşmənlərdən azad edilməsinə böyük ümidlər yaranmışdır. İndi Silahlı Qüvvələrimiz məhz ölkəmizin prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında çox qüdrətli bir orduya çevrilmiş, respublika daxili işlər orqanları, onun ayrılmaz hissəsi olan, Vətənin keşiyində ayıq-sayıq dayanan Daxili Qoşunlar xeyli güclənmişdir. Biz tökülən şəhid qanlarının yerdə qalmaması, Vətənimizin, torpaqlarımızın azad edilməsi üçün hər an hazırıq.
Nazir daha sonra tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, ümummilli liderimiz Heydər Əliyev DİN-in rəhbərliyinə şəhid ailələrinə və torpaqlarından didərgin düşmüş insanlara qayğı göstərməyi tövsiyə etmişdir. Bu gün həmin tələbi onun layiqli davamçısı Prezidentimiz İlham Əliyev qarşımızda qoymuşdur. General-polkovnik R.Usubov tədbir iştirakçılarını əmin etmişdir ki, DİN-in rəhbərliyi, daxili işlər naziri kimi özü şəhid və qaçqın ailələrinin problemləri ilə bundan sonra da yaxından maraqlanacaq, həmişəki diqqət və qayğısını onlardan əsirgəməyəcək, ölkəmizin Prezidentinin tapşırıq və tövsiyələri yüksək səviyyədə yerinə yetiriləcəkdir.
Tədbirin sonunda şəhid ailələrinə maddi yardım göstərilmiş, daxili işlər naziri onlarla xatirə şəkli çəkdirmişdir.