NARKOTİKLƏRİN QANUNSUZ DÖVRİYYƏSİNƏ QARŞI MÜBARİZƏ SAHƏSİNDƏ ƏLAQƏLƏR GENİŞLƏNİR
Sonra qonaq Şəhidlər xiyabanına gedərək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanların məzarlarını ziyarət etmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoymuşdur.
Elə həmin gün Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov general Viktor Çerkesov başda olmaqla nümayəndə heyətini qəbul etmişdir.
Söhbətdə vurğulanmışdır ki, narkotiklərin qanunsuz dövriyyəsi qlobal xarakter alır. Kriminal fəaliyyətin bu növü mütəşəkkil cinayətkarlıq, beynəlxalq terrorizm, korrupsiya üçün maliyyə bazasıdır, cəmiyyətə və insanların sağlamlığına ciddi ziyan vurur.
Ramil Usubov bildirmişdir ki, Azərbaycanla Rusiya arasında çoxdan mehriban münasibətlər var və bu münasibətlər Heydər Əliyevin və Vladimir Putinin siyasi iradəsi, müdrikliyi ilə müəyyənləşdirilmiş strateji xətt sayəsində inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi uzaqgörənliyinin parlaq sübutu olan strateji tərəfdaşlığın yeni perspektivlərini ardıcıl surətdə həyata keçirir. Təhlükəsizliyin təmin edilməsi və cinayətkarlıqla mübarizə məsələləri də ikitərəfli əməkdaşlığın öncül əhəmiyyətli sahələrinə aiddir.
Nazir ölkəmizdə kriminal vəziyyət barədə qısaca məlumat verərək və cinayətkarlığın getdikcə azalması meylinin müşahidə olunduğunu vurğulayaraq, ictimai təhlükəsizliyin möhkəmlənməsinə yönəldilmiş təşkilati-əməli tədbirlərdən də danışmışdır. Bununla yanaşı, o vurğulamışdır ki, Ermənistanın işğal etdiyi və bu səbəbdən Azərbaycanın nəzarəti altında olmayan ərazilərdə erməni separatçılarının fəaliyyəti xüsusi narahatlıq doğurur. Bu ərazilərdə beynəlxalq terrorçu qruplaşmaları yuva salmış, qeyri-leqal miqrasiya, qanunsuz silah və narkotiklər dövriyyəsi kanalları fəaliyyət göstərir. Azərbaycan hamılıqla qəbul olunmuş beynəlxalq hüquq prinsiplərini kobudcasına pozan bu cür vəziyyətin dözülməzliyini ən yüksək beynəlxalq səviyyədə dəfələrlə bəyan etmişdir.
Görüşdə narkotik vasitələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizənin bir sıra mühüm məsələləri, hər iki ölkənin hüquq mühafizə orqanlarının ən səmərəli iş forma və metodları müzakirə olunmuş, bu istiqamətdə beynəlxalq əməkdaşlığın potensialını yüksəltməyin zəruriliyi qeyd edilmişdir.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Narkotik Vasitələrin və Psixotrop Maddələrin Dövriyyəsinə Federal Nəzarət Xidməti arasında qarşılıqlı anlaşma memorandumunun imzalanması belə addımlardan biri olmuşdur. Memorandumda informasiya, təcrübə mübadiləsi aparmaq, birgə tədbirlər zamanı qarşılıqlı fəaliyyət göstərmək, habelə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə problemləri üzrə müştərək tədqiqatlar aparmaq nəzərdə tutulur.
Görüşdə narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizədə əməkdaşlıq haqqında idarələrarası sazişin hazırlanmasına başlamaq qərara alınmışdır.