Naxçıvan Dövlət Universitetində 20 Yanvar faciəsinə həsr olunmuş mərasim keçirilmişdir
Bakı, 18 yanvar (AZƏRTAC). Naxçıvan Dövlət Universitetində 20 Yanvar faciəsinə həsr olunmuş mərasim keçirilmişdir.
NDU-nun Mətbuat şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə rektor, akademik İsa Həbibbəyli 20 Yanvarın Azərbaycan xalqının milli azadlıq hərəkatı və müstəqillik tarixində şanlı səhifə olduğunu qeyd etmişdir. O vurğulamışdır ki, bu faciəli gün milli birlik və ləyaqətimizi sübut etmiş, bütövlükdə zülmə, əsarətə, qətliama qarşı mübarizə rəmzinə çevrilmişdir. Milli Məclisin deputatı İsa Həbibbəyli xalqımıza qarşı törədilmiş qanlı terror aktına siyasi-hüquqi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs etmişdir.
Tədbirdə Azərbaycan xalqının milli müstəqilliyi uğrunda qurban getmiş şəhidlərin ruhu dərin ehtiramla yad edilmişdir.
Tədbirdə çıxış edənlər qeyd etmişlər ki, bu faciə XX əsr boyu xalqımıza qarşı yeridilən, düşünülmüş siyasətin davamı idi. Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, qondarma Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması, süqutu labüd olan işğalçı sovet imperiyasının özünüxilas cəhdləri Azərbaycan xalqını müstəqillik uğrunda ölüm-dirim mücadiləsinə qaldırmışdır.
Vurğulanmışdır ki, milli azadlıq hərəkatını boğmaq üçün xəyanətkar dövlət başçılarımızın dəstəyi ilə keçmiş SSRİ-nin böyük əksəriyyəti ermənilərdən ibarət olan silahlı ordusu Bakıda növbəti soyqırımı aktı törətmiş, 20 mindən artıq hərbçinin, güclü hərbi texnikanın iştirakı ilə dinc, günahsız insanlar, qadın və uşaqlar, qocalar kütləvi şəkildə qırılmışdır.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə demokratiya və siyasi sabitlik bərqərar olmuş, müstəqil dövlət quruculuğu istiqamətində mühüm işlər görülmüşdür. Bu gün ölkə başçısı İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində müstəqil Azərbaycan siyasi, iqtisadi cəhətdən inkişaf edir, ərazi bütövlüyünün təmin olunması üçün qətiyyətli siyasi addımlar atır.