RƏSMİ XRONİKA
NAXÇIVAN TİBB MƏKTƏBİNİN BİNASI YENİDƏN QURULMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iyunun 3-də Naxçıvanda tibb məktəbinin yenidən qurulmuş binasının açılışı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Şəhər sakinləri və məktəbin kollektivi dövlətimizin başçısını və xanımını səmimiyyətlə qarşıladılar. Mehriban Əliyevaya gül təqdim olundu.
Prezident İlham Əliyev məktəbin açılışını bildirən lenti kəsdi.
Sonra dövlətimizin başçısı və xanımı məktəblə tanış oldular.
Məlumat verildi ki, Naxçıvanda yeganə olan tibb məktəbinin dördmərtəbəli binası yenidən qurulduqdan sonra tamamilə müasir görkəm almışdır. Burada səkkiz mühazirə otağı, yeddi kabinet, üç laboratoriya otağı, kitabxana, akt salonu, kompyuter mərkəzi, idman salonu vardır. Heydər Əliyev lektoriyasında isə ulu öndərin irsinin təbliği və gənc nəslə çatdırılması üçün əyani vəsaitlər, fotoşəkillər və sənədlər toplanmışdır. 300 tələbənin təhsil aldığı, 30 müəllimin çalışdığı tibb məktəbində mamalıq işi, müalicə işi, əczaçılıq və tibb bacısı işi ixtisasları üzrə kadrlar hazırlanır.
######