Naxçıvanda 13 qeyri-yaşayış sahəsi hərraca çıxarılıb
Naxçıvan, 11 iyul, AZƏRTAC
İyulun 11-də Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, hərraclar tam şəffaf və rəqabətli mühitdə baş tutub. Hərracda muxtar respublikanın 7 yaşayış məntəqəsi üzrə müxtəlif xidmət sahələrinə aid dövlət mülkiyyətində olan, ümumilikdə, 13 qeyri-yaşayış sahəsi satışa çıxarılıb. Hərracda 12 dövlət əmlakı özəlləşdirilib, 12 sifarişçi hərracın qalibi olub.
Qeyd edək ki, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracın 16 və 18 iyul tarixlərində keçirilməsi nəzərdə tutulur. Hərraca muxtar respublikanın 7 bələdiyyəsi üzrə 8 torpaq sahəsinin mülkiyyətə, 2 torpaq sahəsinin icarəyə verilməsi, həmçinin 6 yaşayış məntəqəsi üzrə dövlət mülkiyyətində olan 13 qeyri-yaşayış sahəsi çıxarılacaq.
Ətraflı məlumatı Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin http://emlak.nakhchivan.az/ rəsmi saytından əldə etmək olar.